Türkiyədə həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovu prokurorluğa şikayət edən şəxslərlə bağlı ehtimal var.

Publika.az xəbər verir ki, Mənsimovun vaxtilə məhkəməyə verdiyi, “Palmali” şirkətindəki baş direktor vəzifəsindən qovulan Alaatdin Aykaç və digər vəzifəli şəxs Fatih Berber adlı şəxslər iş adamının mühakimə olunduğu məhkəmədə onun əleyhinə sərt çıxışlar edib.

“Hüriyyet” qəzetinin 2016-cı ildə yayımladığı “Mubariz Mansimov eski CEO-n un peşini bırakmıyor” başlıqlı yazıda həmin şəxsləri adı çəkilir. Yazıda bildirilib ki, Mübariz Mənsimov həmin şəxsləri Türkiyə, Malta və Londonda 5 ittihamla məhkəməyə verərək ona aid olan 4 gəmini geri alıb. Maltada qeydiyyatda olan gəmilər haqqında cinayət işi açılan Alaatdin Aykaç tərəfindən mənimsənilsə də, məhkəmə bunu qanunsuzluq kimi dəyərləndirib və onların sahibinə qaytarılması barədə hökm çıxarıb.

Bundan başqa, Alaatdin Aykaç vaxtilə “Palmali”dən mənimsədiyi bütün pulları oğurlayıb gizli yaratdığı şirkətin hesabına köçürüb.

***

12:07

İstanbul Növbətçi Sülh Cəza Hakimliyi Mübariz Mənsimovun həbsinə Türkiyə Cümhuriyyəti Konsitutsiyasının 314.2-ci maddəsi əsasında qərar verib.

Publika.az xəbər verir ki, bu maddə silahlı terror qruplaşmasına üzv olmaq cinayətini ehtiva edir.

Qeyd edək ki, 15 mart tarixində İstanbul Respublika Baş Prokurorluğunun Terrorizm və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu şübhəlilər haqqında şikayət, xəbərdarlıq və İstanbul Respublika Baş Prokurorluğunun Terrorizm və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən aparılan təsbitlər istiqamətində başladılan istintaq əməliyyatları çərçivəsində axtarış və saxlanılma qərarı verilmişdi.

Bu da o deməkdir ki, Mübariz Mənsimov haqqında prokurorluğa şikayət daxil olub.

***

10:04

“Milliyet”in xəbərinə görə, İstanbul Respublika Baş Prokurorluğunun Terrorizm və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən başladılan istintaq çərçivəsində saxlanılan Mübariz Mənsimov Qurbanoğlu və şirkətinin meneceri Nuray Nurcihan Perker dünən axşam Çağlayandakı İstanbul Ədalət Sarayına göndərilib.

Qurbanoğlu və Perker ifadə verdikdən sonra haqlarında həbs tələbi ilə məhkəməyə göndərilib.

Perker şərti azadlığa buraxılıb, Mənsimov isə həbs olunub.

***

09:39

“Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov həbs olunub.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı informasiya yayıb.

Qeyd edək ki, Mənsimov Fətullah Gülən Terror Təşkilatı (FETÖ) ilə əlaqələri olduğu ittihamı ilə saxlanılmışdı.