Koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlərlə əlaqədar olaraq Ermənistan öz vətəndaşlarının işğal altında saxladıqları Dağlıq Qarabağa səfər etmələrini qadağan edib.
Astarainfo.az Yeniavaz.com-a istinadən  xəbər verir ki, bu barədə məlumatı Ermənistan Daxili işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan sosial şəbəkə hesabından paylaşıb.
Ermənistan DİN-in rəsmisi bildirib ki, yol polisi və idarənin ərazi bölmələri Qarabağa gedən yollarda xüsusi maneələr yaradacaqlar.
Məlumat üçün qeyd dək ki, Ermənistan hakimiyyətinin belə bir qərar qəbul etməsi Dağlıq Qarabağdakı seperatçılar tərəfindən birmənalı qarşılanmayıb. Məsələyə münasibət bildirən ekspertlər belə qənaətdədirlər ki, hakimiyyət belə bir addım atmaqla mart ayının 31-də baş tutacaq seçkilərə təsir etmək istəyir.
Bildiyimiz kimi, 3 gündən sonra Azərbaycan ərazisində – işğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrdə yenidən parlament və prezident “seçkiləri” keçiriləcək. Bu,  Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra baş tutacaq ilk “seçki” olacaq. Qeyd edək ki, Robert Koçaryan və Serj Sarkisyan cütlüyünün başçılıq etdiyi və şərti olaraq “Qarabağ klanı” adlandırılan siyasi qüvvələrin Ermənistandakı məğlubiyyətindən sonra Dağlıq Qarabağdakı seperatçı rejimə nəzarət uğrunda mübarizə də qızışıb. Nikol Paşinyan Dağlıq Qarabağdakı seperatçı rejimin rəhbərliyində yer alan Robert Koçaryan tərəfdarlarını təmizləmək istəyir və 31 mart “seçkiləri” bu təmizlik üçün olduqaca böyük əhəmiyyət daşıyır.
Koçaryan tərəfdarları da bu səbəbdən 31 mart “seçkilərinə” son ümid, “son döyüş” kimi baxırlar.
“Seçkidə” iştirak edən ən güclü namizədlərdən biri Koçaryana yaxınlığı ilə bilinən seperatçı rejimin sabiq müdafiə naziri və “təhlükəsizlik şurası”nın sədri olan general Vitali Balasanyandır. Vitali Balasanyan Nikol Paşinyanın ən qatı əleyhdarlarından biridir. Vitali Balasanyan işğalçılar arasında kifayət qədər nüfuzu olan biridir. Əsgəran rayonunda yaradılan “özünümüdafiə qüvvələrinin” komandiri olub. Seperatçı rejimin “müdafiə naziri” olub. 2016-cı ildə “Aprel döyüşləri”ndə yaxından iştirak edib. Qondarma rejimin “təhlükəsizlik şurası”na rəhbərlik edib. Bundan əvvəlki seçkilərdə indiki “prezident” Bako Saakyanın rəqibi olub və 32,5% səs toplayaraq 2-ci sırada yer alıb.
Vitali Balasanyan verdiyi açıqlamlarada dəfələrlə bəyan edib ki, Paşinyanı “Qərbin layihəsidir”. Paşinyanı Ermənistana xəyanətdə ittiham edir və bildirir ki, o, Qarabağı Azərbaycana satacaq. Vitali Balasanyan eyni zamanda açıq şəkildə Robert Koçaryanı müdafiə edir. Əgər Balasanyan “prezident” seçilərsə heç şübhəsiz ki, Ermənistanla seperatçı rejim arasında uçurum yaranacaq.
Ermənistanla Dağlıq Qarabağ arasındakı “sərhədlərin” koronavirus bəhanəsilə bağlanması da seçkidən əvvəl Paşinyanın təzyiqi kimi qiymətləndirilir.