Dünyada kütləvi ölümlərə səbəb olan yeni növ koronavirus artıq ölkəmizdə də yayılmağa başlayıb. 4 aydır ortaya çıxan bu virus haqqında bir çox söz söylənsə də hələlik nə peyvəndi, nə də tam müalicə forması təkmilləşməyib. Həkimlər bunun əsas səbəblərindən biri kimi virusun mutasiyaya uğramaq xüsusiyyətini göstərirlər.
Bəs dünya bu pandemiyadan nə vaxt xilas olacaq?
İstilərin qızması, virusun yox olmasına səbəb olacaqmı?
COVID-19 külək vasitəsilə nə qədər yayılır?
Gündəlik istifadə etdiyimiz tibbi spirt koronavirusu öldürürmü?
Bütün bu sualları Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayevə ünvanladıq.
Cəlal İsayev Yeniavaz.com-a açıqlamasında yeni növ koronavirusun başqa ölkələrdən, şəhərlərdən külək vasitəsilə yayılıb-yayılmadığı məsələsinə aydınlıq gətirdi:
“İndi insanlar arasında belə bir iddia dolaşır ki, yeni növ koronavirus küləklə hər tərəfə yayılır ancaq, bu doğru deyil. Bu cür viruslar, damcı yolu ilə yayılır. Bir nəfər asqıranda, öskürəndə ətrafa yayılan damcılarla virus yoluxur. Həmin viruslar insandan insana  ağız, burun, göz vasitəsilə keçir. Hava ilə, küləklə virus yayılmaz. Qeyd edim ki, viruslu damcılar uzun müddət havada qalmır, qısa vaxt sonra aşağı düşür. Bir çox insanı maraqlandırır ki, misal üçün külək koronavirusu Xətai metrosunun yanından bulvarın yaxınlığına apara bilərmi? Xeyr, apara bilməz. Virus asqırıq və öskürəklə damcı şəklində orqanizmdən bayıra çıxır və yerə düşür. Bir müddət sonra da orada məhv olur”.
Yeni növ koronavirusla bağlı insanları maraqlandıran mövzulardan biri də havaların isinməsi ilə təhlükənin sona çatıb-çatmayacağı məsələsidir. Cəlal İsayev bildirdi ki, bu viruslar istiliyə həssasdır:
“İstilərin artması bu tip virusların yox olmasına müəyyən qədər təsir göstərir. Dünya təcrübəsində də deyilir ki, bu viruslar 56 dərəcə istiyə 10 dəqiqə dözə bilirlər.  Ancaq, qeyd etmək lazımdır ki, COVİD-19 hələ təzə yayılmağa başlayıb. Bu virusun özünü necə aparacağı barədə hələlik dəqiq bir məlumat yoxdur. Cəmi 4 aydır bu xəstəlik ortaya çıxıb. Buna görə, istilərin düşməsinə arxayın olmaq lazım deyil. Bütün tədbirlərə əməl etmək lazımdır”. 
Qeyd edək ki, hazırda bütün insanların virusdan qorunmaq üçün istifadə etdiyi əsas tibbi vasitələrdən biri də spirtdir. Bəs spirt həqiqətən koronavirusa qarşı təsirlidirmi?
Baş İnfeksionist Yeniavaz.com-a açıqlamasında spirtin koronavirusu zərərsizləşdirdiyini söylədi:
“65-70 faizli spirt 3-4 dəqiqə ərzində bu virusu məhv edə bilir. Dezinfeksiya məhlulları içərisində spirt ən təsirlilərindən biridir”. 
Astarainfo.az