Koronavirus pandemiyası bir çox ölkələri sərt karantin tədbirləri görməyə məcbur edir. İnsanlar hər vəchlə infeksiya təhlükəsindən müdafiə  olunmağa çalışırlar.  Bəs necə edək ki, virusdan düzgün şəkildə qorunaq? Evdə qalarkən səhhətimizdə problemin yaranmaması üçün hansı məqamlara diqqət etməliyik?

Astarainfo.az ted.az-a istinadən həkim dermatoveneroloq Azər Mirzəyevin məsləhətlərini təqdim edir:

“Bütün dünyanı bürüyən koronavirus insanların birinci növbəli müzakirə mövzusuna çevrilib. Koronavirus hava-damcı yolu ilə yayılan infeksiya olduğuna görə ilk növbədə dəri və selikli qişalarla orqanizmə daxil olur. Buna görə, ilk növbədə dərimizin gigiyenik təmizliyinin qeydinə qalmalı və vaxtında qabaqlayıcı tədbirlər görməliyik. Təbiət dərinin normal fəaliyyət göstərməsi üçün onu möhkəm buynuz qata malik epidermis, piy vəziləri ilə təmin edib. Bunun nəticəsində dərinin üst hissəsində lipid qatı əmələ gəlir. Nəticədə, bu qat dəriyə su, mikrob, toksin, allergenlərin düşməsinin qarşısını alır”.

A.Mirzəyevin sözlərinə görə, lipid qatda problem yarandıqda dərinin müdafiə funksiyasının pozulması baş verir. Nəticədə, dəridə quruluq, çatlar, iltihabi proseslər yaranır. Dəridə quruluq səbəbindən asılı olaraq ümumi və lokal ola bilər: “Bir çox xəstəliklərdə və avitaminozlarda çox vaxt bütün dəri səthində quruluq müşahidə edilir. Bəzi hallarda dəridə quruluğun əmələ gəlməsinin əsas səbəblərindən biri tez-tez su proseduralarından, kimyəvi, spirt tərkibli məhlullardan istifadə ola bilər. Bu zaman dərinin lipid qatı zədələnir, bərpa prosesi başa çatmamış dəri yenidən müxtəlif tərkibli məhlulların təsirinə məruz qalır”.

“Bəs bu zaman nə etməliyik?” sualına mütəxəssisin cavabı belə olub: “İlk növbədə quruluğu törədən səbəbi aradan qaldırmaq, problem xəstəliklə əlaqəlidirsə, əsas xəstəliyi müalicə etmək, düzgün qidalanma, dəriyə düzgün qulluq etmək lazımdır. Belə ki, əgər gündəlik müəyyən vasitələrə əl vurmaq məcburiyyətindəyiksə, xüsusi əlcəklərdən istifadə etmək vacibdir. Eyni zamanda, quru dəriyə yumşaldıcı kremlər sürtmək, spirt və kimyəvi tərkibli dəri vasitələrindən həddindən artıq istifadə etməmək mütləqdir”.

“İkinci problem izolyasiya ilə əlaqədar insanların evdə qalmağa məcbur olmasıdır. Bu da yetərincə günəş şüaları qəbul edə bilməmələrinə səbəb olur. Təbii ki, günəş şüaları insan orqanizminə müəyyən dozalarda lazımdır. Günəş şüalarının ultrabənövşəyi dalğalarının təsirindən orqanizmdə sümük sisteminin formalaşmasında mühüm əhəmiyyət kəsb edən D vitamini yaranır. İndiki durumda insanlar gün ərzində 2-3 dəfə evin eyvanına çıxıb 15-20 dəqiqə ərzində günəş vannası qəbul etməklə, tam da olmasa, müəyyən qədər bu defisiti bərpa edə bilərlər”, – deyə o bildirib.

Həkim onu da qeyd edib ki, karantin dövründə qidalanma mühüm əhəmiyyət daşıyır: “Təbii, keyfiyyətli, balanslanmış qida tövsiyə edilir. Gün ərzində 4-5 dəfə az-az qidalanmaq, əsasən, meyvə-tərəvəz məhsullarına üstünlük vermək lazımdır. Qida rasionunda ət, quş əti, süd məhsulları, tərəvəz məhsulları, meyvələr daha çox olmalıdır. Hərəkət həyatdır, ancaq çox təəssüf ki, hazırda milyonlarla insan ev şəraitində qalmaq məcburiyyətindədir. Hərəkətsizlik orqanizmdə pataloji proseslərə səbəb olaraq bəzi xroniki xəstəliklərin kəskinləşməsinə gətirib çıxarda bilər. Bu kimi halların qarşısını almaq üçün ev şəraitində gündə 2-3 dəfə 15-20 dəqiqə yüngül idman hərəkətləri etməklə bu durğunluğu aradan qaldırmaq olar. Bu zaman yüngül qaçış, oturub-qalxma, ayaqların velosiped hərəkəti, qantel və ya evdə olan hansısa əşya ilə qolların idman hərəkətləri tövsiyə olunur.

Astarainfo.az