Mayın 1-dən başlayaraq Astara rayonunda çəltik əkininə başlanılıb.

Rayon Aqrar İnkişaf Mərkəzindən Astarainfo.az-a verilən məlumata görə, indiyədək 40 hektarda çəltik əkilib.

Astara hələ qədimdən ənənəvi kənd təsərrüfatı sahələrindən olan çəltikçiliklə məşhurdur. Ətirli Astara düyüsü yüzilliklər ərzində yerli əhalinin ən qiymətli ərzaq məhsulu olub. “Sədri”, “Ənbərbu”, “Haşimi” və digər çəltik növlərindən hasil olan düyü məhsulları öz ətri, dadı və bərəkəti ilə seçilib.

Ölkəmizdə aqrar bölmədə çalışan məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi uzun müddət tənəzzül dövrünü yaşayan çəltikçiliyin rayonda inkişafı üçün geniş imkanlar yaradıb.

2019-cu ildə rayonda 236,7 hektar sahədə çəltik əkildiyi halda, bu il bu rəqəmin 300 hektara, gələcəkdə isə 1000 hektara çatdırılması nəzərdə tutulub.

Ötən il rayonda çəltikçilikdə hər hektardan 42 sentner olmaqla, ümumilikdə, 994 ton məhsul istehsal edilib.

Astarada çəltikçiliyin inkişafı üçün geniş perspektivlər var. Rayon ərazisindən Astara və Pensər çayının keçməsi, Lovayın su anbarının yenidən qurulması sahələrin suvarılmasında mühüm rol oynayır. Çəltikçilik əsasən Artupa, Suparibağ, Ərçivan, Səncərədi, Pensər, Kakalos, Şiyəkəran və digər kəndlərdə inkişaf etdirilir.

Ölkə bazarlarında Astara düyüsünə tələbat yüksək olduğundan məhsul istehsalçıları çəltik əkininə daha çox üstünlük verirlər. Sevindirici haldır ki, artıq xarici ölkələrdə fəaliyyət göstərən şirkətlərdən də Astara düyüsünün sifarişçilər var. Onlar sərfəli şərtlərlə iş adamlarına indidən müqavilələr təklif edirlər.

Astarainfo.az