Böyük Vətən müharibəsində Astaradan 5612 nəfər iştirak edib. Göstərdikləri qəhrəmanlığa görə onlardan 3 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına, 2 nəfəri Şöhrət Ordeninin hər üç dərəcəsinə layiq görülüb. Müharibədən geri qayıdan 3721 nəfərdən hazırda yalnız 6 nəfəri yaşayır.

Astara ayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev faşizm üzərində qələbənin 75 illiyi ilə əlaqədar Böyük Vətən müharibəsi veteranları ilə evlərində görüşərək 9 May Qələbə Günü münasibətilə onları təbrik edib.

İcra başçısı veteranlara Azərbaycan dövlətinin təsis etdiyi “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” yubiley medalını və hədiyyələr təqdim edərək onlara xoş arzularını bildirmiş, qayğıları ilə maraqlanıb.

Qeyd edib ki, bəşəriyyətə böyük fəlakətlər gətirən Böyük Vətən Müharibəsində minlərlə azərbaycanlı iştirak etmiş. Ulu öndər Heydər Əliyev sizi “Xalqımızın qızıl fondu” adlandırırdı. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sizi daim diqqətdə saxlaması, sosial problemlərinizin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirməsi, 9 May Qələbə Günü ərəfəsində sizə birdəfəlik maddi yardımlar göstərməsi Ulu Öndər ənənəsinin davamıdır.

Siz müharibədə qəhrəmanlıqla döyüşərək faşizm üzərində tarixi qələbəyə töhfələrinizi vermisiniz. Əsl qəhrəman Azərbaycan oğulları kimi sizin tarixi şücaətiniz, şərəfli döyüş yolunuz gənc nəslə vətənpərvərlik nümunəsi olmaqla, yaddaşlardan heç vaxt silinməyəcək.

Siz Azərbaycan xalqının ən dəyərli övladları, fəxrisiniz. Müharibə illərində göstərdiyiniz qəhrəmanlıq, misilsiz şücaət bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 75 il keçsə də, sizin xidmətləriniz heç vaxt unudulmur və unudulmayacaq.

İcra başçısı veteranlarla görüşdə ölkə Prezidenti, Ali Baş Komandan möhtərəm cənab İlham Əliyevin apardığı uzaqgörən siyasəti nəticəsində tezliklə mənfur düşmənlərin Azərbaycan torpaqlarından təmizlənəcəyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağını, düşmən üzərində qələbəyə birlikdə şahidlik edəcəyimiz günün uzaqda olmadığını əminliklə söyləyib.

Veteranlar göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmiş, Qələbə gününü onlarla birlikdə qeyd etdiyinə görə rayon rəhbərliyinə təşəkkür ediblər.