Dörd ilə yaxın, gecə-gündüz davam edən bu dəhşətli müharibədə Sovet ittifaqı milyonlarla insan itirib. Həlak olan 350 mindən çox  azərbaycanlı arasında bütün bölgələrin, eyni zamanda Astaranın da öz payı olub. Gözlənilmədən başlanan müharibədə həlak olan astaralılardan biri də məqaləmizin qəhərmanıdır.

Səfalət, fəlakət, aclıq, qorxu, həyəcan, ölüm-itim daha nələr ,nələr…Ürək ağrıdan, əsəbləri tarıma çəkən bu sözlərin başında qanlı-qadalı müharibə durur.

    Bəşəriyyətdə gözlənilmədən dinc əhaliyə meydan oxumuş İkinci Dünya Müharibəsindən əsrə yaxın zaman ötür. Amma o müharibənin tökdürdüyü göz yaşı vurduğu yaralar qaysaq bağlasa da, nəmi qurusa da, göynərtisi zaman-zaman talelərlə birgə yaşayır. Acınacaqlı, təlatümlü müharibə illərini müharibə veteranlar kimi arxa cəbhədə fədakarlıq göstərənlər də köks ötürə-ötürə xatırlayırlar. Əzablı, müdhiş illərin canlı şahidi ağbirçək qadın acı xatirələrini söylədikcə kövrəlməyə bilmirdi: “Ay qızım, o həyəcanla yaşadığımız illər heç zaman unudulmayacaq. Məşəqqətli günlərdə adamlar aclıqdan taqətdən düşür, yerə yıxılıb ölürdülər. İnsan ömrü onda necə də dəyərsiz idi. Adamlar yeməyə bir şey tapmayanda atın yemi – həvici (arpaya oxşar dən) ələkdən keçirir, özlərinə çörək hazırlayırdılar. Çöldə, həyət-bacada ot-ələf qalmamışdı. Çalışqanlığımla başqa rayondan taxıl gətirir, mal-qara saxlayırdım. İmkan daxilində qonşulara da əl tuturdum.”

   Ağbirçək ananın söylədikləri mənə nağıl təsiri bağışlasa da əslində ,həqiqətən yaşanmış həyat dərsi idi.

    İndi sizə haqqında söhbət açacağım insan da o dövrdə az, lakin mənalı bir ömür yaşayıb. O, 1912-ci ildə rayonumuzun Ərçivan kəndində, zəhmətkeş ailədə dünyaya göz açıb. Ailənin nübarı kimi əzizlənə-əzizlənə böyüyüb. Orta təhsildən sonra Bakıda pedaqoji təhsil alıb. 1938-ci ildə təyinatla dağ kəndinə-Pəlikəşə məktəb direktoru təyin olunub. O dövrdə yollar bərbad ,maşın yolu olmadığından uzaq məsafəni ya piyada gedər, ya da at ilə hərəkət edərdilər. O, əsl ziyalı kimi millətin gələcəyini düşünərək, tərəddüd etmədən ucqar dağ kəndinə yollanır. Bir neçə il orada çalışandan sonra yaxşı işinə görə Şüvi kəndinə təyinatını verirlər. O ,harada olursa olsun nüfuzu ilə özünə hörmət qazanır. 1942-ci ildə fevralın 10-da yenicə doğulmuş körpəsinin sevincini doyunca yaşamadan Böyük Vətən Müharibəsinə göndərilir. O,hərbi xidmətdə də özünə hörmət qazanır.Arada ailəsinə məktub yazır, xüsusən, bacısının yanında “sənə tapşırıram” deyib əmanət qoyduğu körpəsini soruşur və tezliklə qayıdacağını vəd edir.Lakin yazılan pozulmaz deyirlər.Arada üçkünc məktubların da ardı kəsilir.Bacısı daha çox narahat olmağa başlayır.

 1943-cü il avqust ayında bir çox ailəyə göndərilən qara kağızdan bacısı da alanda yer-göy başına fırlanır.Qardaşının itkisinə yansa da ata-anasız qalmış körpənin taleyi onu çox düşündürür.

    Şimali Qafqazda “171 saylı” atıcı diviziyasında döyüşmüş müəllim adının dəyərini məsuliyyətlə qorumuş Nəriman Fəttayev ömrünün qaynar çağlarında ,millətinə hələ çox xeyir verəcəyi zamanda bu dünya ilə vidalaşır.

  Artıq ölkədə müharibə bitmişdi.Hər yerdə quruculuq işləri aparılırdı.Heç nədən korluq çəkməyən körpə dil açıb danışmağa başlayır.Onun ilk sözü də “bibi “ olur.

Bibisi qardaşına verdiyi sözə əməl edir. Körpəni əsl əmanət kimi böyüdür. Öz uşaqları dünyaya gəlir. Cəfakeş qadın heç bir zaman qardaşının yadigarı ilə balaları arasında ayrıseçkilik salmadan onları birgə böyüdür.

     Atasızlığı hiss etmədəm böyüyən Əsgərəli bir gün hərbi xidmətə gedir. Ordudan sonra kənd təsərrüfatı üzrə mütəxəssis olur, atası kimi nəcib xarakteri ilə həm kənd camaatının ,həm də bibisinin hörmət və etiramını qazanır.

  Statistikadan məlumdur ki, sovet dövründə bölgəmizdə tərəvəz bitkiləri daha çox yetişdirilirdi. O dövrdə respublikada “mintonçu”briqada başçısı kimi ad-san qazananlardan biri də müharibə veteranı Nəriman müəllimin oğlu “kommunist” sovxozunun briqadiri Əsgərəli Fəttayev olur.Dövlət onun zəhmətini yaxşıca qiymətləndirir.O,”SSR Dövlət Mükafatı laureatı”,”İki dəfə Qırmızı Əmək Bayrağı” ordeni,”Leninin 100 illik yubiley medalı”,”Kənd təsərrüfatı nailiyyətləri sərgisi”nin qızıl,gümüş ,bürünc ,”İki dəfə Lenin komsomolu”nun gümüş,bürünc medalları, “Dörd dəfə Respublika sosializm yarışının qalibi”   döş nişanı, çoxlu fəxri fərmanlarla və “Volqa”markalı maşınla mükafatlandırılıb.

     Böyük Vətən Müharibəsinin artıq 75 illiyidir. Qanlı –qadalı müharbənin şahidi olmuş yüzlərlə azərbaycanlılardan biri kimi  nə Nəriman Fəttayev ,nə də onun nübar balasını əzizləyə-əzizləyə böyütmüş Gülçöhrə ana həyatda var.Onların xatirəsini və atasının adını oğlunda yaşadan Əsgərəli Fəttayev ömrünün 78-ci baharını yaşayır.Bu yerdə atalar sözü yada düşür “Ot kökü üstə bitər”.   Bəli,qanlı-qadalı müharibə milyonlarla insana ölüm hökmü oxumuş,minlərlə insanı yarıcan,şikəst etmiş,bədənində müharibənin qəlpəsini sapdırmışdı.İllər keçir,nəsillər dəyişir.

   İstər odlu-alovlu illərdə ,istərsə də arxa cəbhədə yaşamış insanlar tədricən bu həyatla vidalaşırlar.Onlardan gənc nəslə yadigar qalan  acılı-şirinli xatirələrlə yanaşı,vətənpərvər ruhda mübarizcəsinə yaşamış ömürləri örnək olaraq əbədi yaşayacaq…

                                                                                            Gülnar Əsədli