Əziz astaralılar!

Sizi müsəlmanların müqəddəs bayramı olan Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzularımı bildirirəm.

Ramazan ayının müqəddəsliyini təcəssüm etdirən, yüksək mənəvi və əxlaqi keyfiyyətlər çoxdur. Müqəddəs Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanları xoş niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir.

Azərbaycanda sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsi ulu öndər Heydər Əliyevin müdrik siyasət nəticəsində mümkün olmuşdur. Ümummilli lider Heydər Əliyevin möhkəm təməl üzərində qurduğu müstəqil Azərbaycan, onun siyasi varisi ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə uğurlar qazanmaqdadır. Ölkə başçısının hər il bu müqəddəs ayda müsəlman dövlətlərinin səfirləri ilə görüşməsi, müdrik fikirlərini bildirməsi dünyada analoqu olmayan ənənədir. Cənab İlham Əliyev çıxışlarının birində haqlı olaraq qeyd etmişdir ki, müstəqil Azərbaycanın ən böyük sərvətlərindən biri də Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələrinin rahat, bir ailə kimi yaşaması, bütün hüquqlardan istifadə etməsidir.

Ölkəmizdə aparılan davamlı quruculuq işlərinin digər sahələr kimi, mənəviyyat sahəsini də əhatə etməsi xalqımızı hədsiz sevindirir. Məscid və ziyarətgahlarımızın dövlətimizin başçısı İlham Əliyevin yaxından köməkliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulması, əsaslı təmir edilməsi çoxsaylı əlamətdar hadisələrdəndir. Bütün bunların sayəsində Azərbaycan mədəni-mənəvi və dini dəyərlərə ehtiram məkanına çevrilmişdir.

Müqəddəs dini bayramlarımız olan Ramazan bayramı, Qurban bayramı hər il dövlət səviyyəsində qeyd edilir. Astaralılar bu ilki Ramazan ayını bütün bəşəriyyətin, eyni zamanda xalqımızın sülh, əmin-amanlıq şəraitində yaşamasına dualar etməklə yola salır, bu gözəl ayın sınaqlarından layiqincə çıxdıqlarını nümayiş etdirirlər. Bu əziz günlərdə dövlətimizin rifahı və tərəqqisi naminə diləklərini söyləyir, xalqımızı firavan günlərə qovuşduran ulu öndər Heydər Əliyevin, Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızın ruhuna dualar edir, xoş arzu və niyyətlərini bildirirlər.

Əziz astaralılar!

Bu əziz Ramazan bayramı münasibətilə hamınızı bir daha təbrik edir, evlərinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.

Allah orucunuzu qəbul etsin!

Astara Rayon İcra

Hakimiyyətinin başçısı Qəzənfər Ağayev