Pandemiya dövrünün Azərbaycanın kənd təsərrüfatına hər hansısa mənfi ziyanı barədə danışmaq hələ tezdir.

Bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, ölkədə pandemiya ilə bağlı qabaqlayıcı tədbirlər başlananda kənd təsərrüfatı sahəsinin aktiv dövrü deyildi: “Hələ ki, pandemiyanın kənd təsərrüfatına ciddi təsiri yoxdur. Çünki Azərbaycanda koronavirusa qarşı dövlət tərəfindən qabaqlayıcı tədbirlər bu ilin mart ayında başlandı. Həmin vaxtlar yazlıq əkinlərə hazırlıq dövrü idi, payızlıq əkin, yəni dənli bitkilərin əkin prosesi isə başa çatmışdı. Mart ayına qədər isə yazlıq əkinlərlə bağlı gübrə, şitil və toxum ehtiyatları görülmüşdü. Aprel ayında yazlıq əkinlərə start verildi və həmin vaxt əhalinin yerdəyişməsinə məhdudiyyətlər tətbiq olundu. Bu məhdudiyyətlər fonunda isə əsas diqqət ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı kənd təsərrüfatı sahəsinə yönəlmişdi. Dövlət bu məsələni daim diqqət mərkəzində saxladığı üçün xüsusi karantin rejimi ilə bağlı bütün qərarlarda bu məsələ nəzərə alındı. Xüsusi karantin rejimi ilə bağlı qəbul edilən bütün qərarlarda kənd təsərrüfatı fermerlərinin ölkə ərazisində hərəkətinə sərbəst şərait yaradıldı. Bu günə qədər də fermerlərin hərəkətinə şərait yaradılıb. Dövlətin göstərdiyi xüsusi diqqət nəticəsində yazlıq əkin prosesində fermerlərə heç bir problem olmayıb. İstər əkin prosesində, istər kənd təsərrüfatı məhsullarının yığılması, istərsə də bazarlara daşınması normal qaydada həyata keçirildi. Fermerlər karantin dövründə qaydalara uyğun olaraq sosial məsafəni gözləmək, dezinfeksiya tədbirlərinə riayət etməklə fəaliyyətlərini davam etdirirlər”.

V.Hüseynov bildirib ki, yazlıq əkinlər pandemiyadan heç bir ziyan çəkməyib: “İstər pambıq, istərsə də qarğıdalı, şəkər çuğunduru və tütün əkinləri normal həyata keçirilib. Aprel ayının sonlarında giləmeyvələrin ilkin məhsul yığımı başladı. Həmin ərəfədə bölgələrdə karantin rejimi yumşaldıldı və bu da fermerlərin işini asanlaşdırdı. Hazırda da yığım davam edir. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri bölgələrdə bununla bağlı mütəmadi monitorinqlər keçirir, fermerlərin fəaliyyətinə hər hansısa bir problem yaranarsa, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etməklə problemi aradan qaldırırlar. Hazırda fermerlər heç bir xüsusi arayış tələb olunmadan məhsullarını bazara çıxara bilirlər”.

Astarainfo.az