“Cənub Qaz Dəhlizi” layihəsinin tam miqyasda işə salınması Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək.

Bu barədə Trend-ə Asiya İnkişaf Bankından (AİB) bildiriblər.

Qeyd olunub ki, AİB-in mandatlarından biri regional əməkdaşlığın və üzvlər arasında inteqrasiyanın inkişafıdır:

“Biz hesab edirik ki, bu layihə regiondaxili əhəmiyyət daşıyır. Bu layihə ilə Azərbaycan özünün geniş iqtisadi imkanlarını açır və AİB-in digər üzvləri, Gürcüstan, Türkiyə və bir sıra Avropa ölkələri ilə sıx əlaqələri möhkəmləndirir. Biz şadıq ki, “Cənub Qaz Dəhlizi” layihəsi həm regional əməkdaşlığa xidmət edir, həm də AİB-in bəzi üzvlərini idxal mənbələrini şaxələndirməklə enerji təhlükəsizliyini möhkəmləndirməkdə dəstəkləyir”.

Bankdan onu da bildiriblər ki, “Cənub Qaz Dəhlizi” layihəsi həm də sosial əhəmiyyət daşıyır, çünki bu, ölkədə 200-dən çox daimi iş yerinin açılmasını təmin edib:

“Layihədən gələn əlavə gəlirlər hesabına hökumət sosial proqramları genişləndirə və iqtisadiyyatın şaxələndirilməsi üzrə əlavə tədbirlərin reallaşdırılmasını sürətləndirə bilər”.

astarainfo.az