Astara rayonunda taxıl yığımı davam edir. Rayonda indiyədək 78,2 hektar sahənin (52,6 faiz) məhsulu yığılıb. Bunun 59,7 hektarını buğda, 18,5 hektarını arpa sahələri təşkil edir. Hər hektarın orta məhsuldarlığı 25,2 sentnerdir.

Bu barədə  Astara Rayon Statistika İdarəsi məlumat verib.

Bildirilib ki, bu il rayonda taxılçılıqla məşğul olan fermerlər və məhsul istehsalçıları 148,6 hektarda taxıl əkiblər. Bunun 122,8 hektarını buğda, 25,8 hektarını arpa sahələri təşkil edir. Taxıl yığımı kampaniyasını keyfiyyətlə və optimal müddətdə başa çatdırmaq üçün sahələrə lazımi qədər kombayn və işçi qüvvəsi cəlb olunub.

Astarada taxılçılıq əsasən Kakalos, Şahağac, Təngərüd və Şiyəkəran kəndlərində inkişaf etdirilir.

Qeyd edək ki, ötən il rayonda 183,6 hektar taxıl sahəsindən 393 ton məhsul məhsulları yığılıb. Taxıl sahələrinin hər hektarından götürülən məhsuldarlıq 20,8 sentner olub.(AZERTAC-Bağır Əliyev)