Dövlət İmtahan Mərkəzinin (DİM) iyunun 25-də Astara rayonunda keçirdiyi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış və ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanlarında ümumilikdə 1471 abituriyent iştirak edib.

Bu barədə DİM-in Lənkəran regional bölməsinin məsləhətçisi Rəsmiyyə Dədəyeva AZƏRTAC-ın bölgə müxbirinə məlumat verib.

Bildirib ki, buraxılış imtahanları 8 imtahan mərkəzində – Astara şəhər 1, 2, 3, 5 və 7 nömrəli, Pensər kənd 2 nömrəli, Pəlikəş və Motlayataq kənd tam orta məktəblərinin binalarında keçirilib.

İmtahanların keçirilməsinə 18 imtahan rəhbəri, 152 nəzarətçi-müəllim cəlb olunub.

İmtahanda iştirak edən şagirdlərə (abituriyentlər) imtahana buraxılış vərəqəsi ilə yanaşı, “Yaddaş kitabçası” da təqdim olunub.

Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər (binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması) həyata keçirilib.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib.

İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

Astarada keçirilən buraxılış imtahanlarında hər hansı qanun pozuntusu qeydə alınmayıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin 19 iyun tarixli Qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq olunduğu üçün həmin şəhər və rayonlarda iyunun 25-də imtahanlar keçirilməyib.

Adları qeyd olunan şəhər və rayonlarda buraxılış imtahanları sərtləşdirilmiş karantin rejimi başa çatdıqdan sonra təşkil olunacaq.

Astarainfo.az