İyulun 10-da Dövlət İmtahan Mərkəzinin (DİM) ölkəmizin cənub bölgəsində əvvəlki illərin məzunları üçün keçirdiyi qəbul imtahanlarında 854 abituriyent iştirak edib.

Astarainfo.az xəbər verir ki, bul imtahanları cənub bölgəsinin dörd şəhərində – Astara, Lerik, Yardımlı və Biləsuvar şəhərində keçirilib.

Astara şəhər 3 nömrəli tam orta məktəbin binasında keçirilən imtahanlarda 200, Lerik şəhər 1 nömrəli tam orta məktəbin binasına keçirilən imtahanlarda 162, Yardımlı şəhər 1 nömrəli tam orta məktəbin binasında 149, Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbdə 177 və Biləsuvar şəhər 2 nömrəli tam orta məktəbin binasında keçirilən imtahanlarda 166 abituriyent iştirak edib.

Bölgədə imtahanların keçirilməsinə 13 imtahan rəhbəri və 99 nəzarətçi-müəllim cəlb olunub.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.

DİM tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər (binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.

İmtahan rəhbəri Vüsal Zülfüqarovun verdiyi məlumata görə, Astara şəhərindəki 3 nömrəli tam orta məktəbin binasında keçirilən qəbul imtahanlarında qeydiyyatdan keçmiş 216 abituriyentin 16-sı imtahana gəlməyib.

Qəbul imtahanları zamanı hər hansı bir qanun pozuntusu qeydə alınmayıb.