Prezident İlham Əliyev Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. 

Astarainfo.az xəbər verir ki,sərəncama əsasən,Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafında xidmətlərinə görə jurnalistlərin bir qrupu, o cümlədən astaralı jurnalist, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) cənub bölgəsi üzrə müxbiri Əliyev Bağır Murtuza oğlu yüksək dövlət mükafatına-“Əməkdar jurnalist” fəxri ada layiq görülüb.

Bağır Əliyev uzun illər Astara rayonunda nəşr olunan “Sovet Astarası” rayon qəzeti redaksiyasında zəhmətkeş məktubları şöbəsinin müdiri vəzifəsində işləyib.Daha sonra Astara Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsində təşkilat şöbəsinin müdiri, Astara Rayon Xalq Deputatları Sovetində təşkilat şöbəsinin müdiri və Astara Rayon Xalq Deputatları Soveti sədrinin müavini kimi fəaliyyət göstərib.

2003-cu ildən Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Astara-Lənkəran zonası üzrə müxbiri vəzifəsində çalışır.

O, uzun illər cənub bölgəsində mətbuatın inkişafında xüsusi xidməti olan peşəkarlığı və sənətkarlığı ilə fərqlənən istedadlı jurnalistdir.

“Astara” qəzetinin kollektivi Bağır Əliyevi yüksək dövlət mükafatı almağı münasibətilə qəzetin bütün oxucuları adından təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayır!