ABŞ-ın CNBC media orqanında yayımlanan Putin haqqında yazıda Rusiya prezidentinin avqust ayında gözlənilməz addımlar atacağından bəhs edilib.
Astarainfo.az
 CNBC-yə istinadla xəbər verir ki, neftin qiymətinin aşağı düşməsi, iqtisadi böhranların artması, koronavirus pandemiyasının mənfi təsiri Rusiyada bir çox ciddi problemlərə yol açıb. Həmin ölkədə 18 milyondan çox insan yoxsulluq həddindən aşağı bir vəziyyətdə yaşayırlar. CNBC-də yayımlanan yazıda bildirilir ki, bütün bu problemlərdən qurtulmaq və ölkəni beynəlxalq arenada daha da gücləndirmək üçün avqust ayı ərzində Putin sürpriz addımlar atacaq. Avropa ölkələri arasında baş verən fikir ayrılıqları, bölünmələr, ABŞ-da baş tutacaq prezident seçkiləri Putin üçün fürsət hesab edilir.
Yazıda bildirilib ki, son vaxtlar Rusiyada baş verən hadisələr, Xabarovsk vilayətində böyüyən etiraz dalğaları Rusiya əhalisinin 45-faizinin Putinə qarşı olduğunu ortaya qoydu.
Qeyd olunur ki, Putin bundan əvvəl də daxili problemlərin ortadan qalxması üçün bəzi “sürpriz”lərə əl atıb. Buna 2008-ci ilin avqustunda baş verən Rusiya-Gürcüstan müharibəsini, 2014-cü ildə Krımın ilhaqı, 2015-ci ildə Suriyaya müdaxiləsi və digər bənzəri hadisələri misal göstərmək olar.
Həmçinin bildirilir ki, Putinin bu istiqamətdə atacağı ilk addım Belarusiyada 9 avqustda baş tutacaq prezident seçkilərindən bir həftə sonra ola bilər. Rusiya, bu ölkədə artan iğtişaşlardan, “mübahisəli prezident”dən istifadə edərək “xilaskar” kimi özünü göstərə bilər.
Məqalədə deyilir ki, Vladimir Putin keçmiş KQB işçisidir və bütün addımlarını KQB qaydalarına uyğun atır. Son vaxtlar Rusiya ordusunun müasir silahlarla təchiz edilməsi, kəşfiyyat orqanlarının gücləndirilməsi, hipersonik texnologiyasının inkişaf etdirilməsi Rusiya ordusunun effektivliyini yüksək səviyyədə artırıb.