Son illər Astara rayonunun sosial-iqtisadi həyatında əldə olunmuş davamlı inkişaf, həyata keçirilən islahatların səmərəliliyi, tibbi xidmətin səviyyəsinin daim yüksəlməsi əhalinin yaşayış səviyyəsinin və güzəranının yaxşılaşdırılmasına, əhali artımına əlverişli şərait yaradıb. Astara rayonunda əhalinin sayı ilin əvvəlindən 451 nəfər və ya 0,4 faiz artaraq, iyul ayının 1-i vəziyyətinə 110 min 168 nəfərə çatıb. Rayonda bir kvadrat kilometrə düşən əhalinin sayı 179 nəfər olub. Əhalinin ümumi sayının 30,8 faizini şəhər, 69,2 faizini kənd sakinləri, 50,3 faizini kişilər, 49,7 faizini qadınlar təşkil edir.

Bu barədə Astarainfo.az-a Astara Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənov məlumat verib.

Bildirilib ki, bu ilin birinci yarısında Ədliyyə Nazirliyinin Astara Rayon Qeydiyyat Şöbəsi tərəfindən 748, yaxud hər gün orta hesabla 2 nəfərdən çox doğulan körpə qeydə alınıb, əhalinin hər 1000 nəfərinə bu göstərici 13,7 nəfər olub. Respublika üzrə bu göstərici 12,0, Lənkəran iqtisadi rayonu üzrə isə 13,7 nəfərdir.

İlin birinci yarısında Astarada 288 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,5-dən 5,3-ə qədər azalıb.

Altı ayda Astara rayonunda əhalinin təbii artımı 460 nəfər, əhalinin hər 1000 nəfərinə isə 8,4 nəfər təşkil edib.

Bu dövrdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən 226 nikah və 69 boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,1, boşanmaların sayı isə 1,3 nəfər olub.