Avqustun 17-də Astara Rayon Gənclər və İdman İdarəsində yeni koronavirus pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla rayonda fəallıq göstərən könüllü gənclərin bir qrupuna mükafatlar təqdim olunub.

Astarainfo.az xəbər verir ki, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, İdarənin gənclərlə iş üzrə nümayəndəsi, könüllü gənc Abbas İbrahimli, könüllü gənclər Mirtalıb Məmmədli və Nuray Həbibzadə çıxış edərək, 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunması ilə əlaqədar ölkəmizdə, o cümlədən Astarada görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıblar.

Çıxışlarda qeyd olunub ki, dünyanı cənginə almış yeni koronavirus pandemiyası ilə mübarizədə astaralı gənc könüllülər də fəallıq göstərirlər.

Diqqətə çatdırılıb ki, rayonda karantin qaydaları nəzərə alınmaqla gənclərin iştirakı ilə müxtəlif mövzularda onlayn keçirilən bilik yarışlarında, videokonfranslarda və gənclərlə görüşlərdə rayonun könüllüləri fəal iştirak edirlər.

Sonda Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsində fəallıq göstərən könüllü gənclərin bir qrupuna diplomlar təqdim edib.

Astarainfo.az