Astara rayonunun Qamışoba kəndində inşa edilən “Zirvə” Beynəlxalq İdman Klublarının növbəti qlobal layihəsi olan Zirvə Beynəlxalq Təlim-Məşq Bazasının açılış mərasimi keçirilib. Mərasimdə Astara Rayon İcra Hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayev iştirak edərək, yaradılan şəraitlə tanış olmuşdur.

“Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti Tofiq Heydərov bazada görülən işlər, həyata keçiriləcək layihələr barədə məlumat verib. Bildirilib ki, bazada idmanın basketbol, stolüstü tennis, çimərlik voleybolu və futbolu, şahmat, ağır atletika növləri üzrə təlim-məşq toplanışlarının təşkili və yarışların keçirilməsi üçün bütün imkanlar yaradılıb. Toplanışlar zamanı komandaların ixtiyarına məşq meydançası və zalları, istirahət və bərpa üçün Olimpiya çempionu və mükafatçılarının şərəfinə adlandırılmış və xüsusi hazırlanmış koteclər, 50 nəfərlik mehmanxana, çay evi, kafe, 100 nəfərlik açıq havada və qapalı restoranlar veriləcək. Xəzər dənizinin sahilindəki füsunkar mənzərədə salınan bu baza Azərbaycan və dünya idmanının inkişafına öz töhfəsini verəcəkdir. Yeni beynəlxalq təlim-məşq bazası ilk olaraq bu gün “Astara Open 2020” basketbol turniri ilə yarışlara start verəcək.

Bildiyimiz kimi 27-ci mövsüm boyu yarışların lider və favoriti olan komandamız bu ilin aprel ayında Azərbaycan Basketbol Federasiyası tərəfindən qalib elan edilmişdi. Ancaq dünyanı cənginə alan koronavirus pandemiyası səbəbindən ölkəmizdə elan edilən xüsusi karantin rejimi ilə əlaqədar olaraq qızıl medallar və kubokun təqdimi qeyri-müəyyən müddətə təxirə salınmışdı. Bu gün həm də Basketbol üzrə Azərbaycan Superliqasının 2019-2020-ci illər mövsümünün çempionu olan “Zirvə Astara” komandasına çempionluq kubokunun təqdimat mərasimi keçiriləcək.

Astara Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev tədbirdə çıxış edərək qeyd etmişdir ki, bu müasir idman bazasında idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışların keçirilməsi və idmançıların istirahəti üçün hər cür şərait yaradılmışdır. Gələcəkdə burada təşkil ediləcək beynəlxalq yarışlarda iştirak edən idmançılar həm də rayonumuzun füsünkar təbiəti, zəngin mətbəxi ilə tanış olmaq imkanı qazanacaqlar. Belə bir idman arenasının istifadəyə verilməsi, rayonumuzda idmanla yanaşı turizmin də inkişafına öz müsbət təsirini göstərəcəkdir. Eyni zamanda Astaramızın turizm rayonu kimi ölkə hüdudlarından kənarda tanınmasına şərait yaranacaqdır.

Sonra icra başçısı Basketbol üzrə Azərbaycan Superliqasının ötən mövsümünün qalibi olan “Zirvə Astara” komandasına Azərbaycan Basketbol Federasiyasının çempionluq kubokunu təqdim edərək, komandaya uğurlar arzulayıb. Qeyd etmişdir ki, “Zirvə Astara” klubunun çempionluğu bizi çox sevindirir, bu əlamətdar hadisə rayondakı gənclər üçün xüsusi nümunə rolunu oynayıb, həm rayon, həm də ümumilikdə

cənub regionunda idmanın inkişafına təkan verib. “Zirvə Astara”ya daha böyük qələbələr qazanmağı, beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil etməyi arzulayıram.

Açılışdan sonra Zirvə Beynəlxalq Təlim-Məşq Bazasında 3×3 basketbol üzrə Astara Open 2020 turniri keçirilib. Yarışda Azərbaycanın ən güclü və təcrübəli basketbolçularının yer aldığı komandalar çempionluq mübarizəsi aparıblar. Turnirdə 10 komanda iştirak edib. “AZFA” “Bestore Team”-i 7:6, “Gəncə Fires” isə “Bakı”nı 7:4 hesabı ilə yenərək finala yüksəliblər. Həlledici qarşılaşmada 19:18 hesabı ilə qalib gələn gəncəlilər “Astara Open 2020” kubokunun qalibi olublar.

Bundan əlavə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş, uşaqlar arasında 8-ci Zirvə Beynəlxalq Uşaq Oyunları çərçivəsində çimərlik voleybolu, çimərlik futbolu və kamandan oxatmada üzrə yarışlarda yeniyetmə idmançılar qüvvələrini sınayıblar.