Bu günlərdə sarsılmaz xalq-ordu birliyi, həmrəyliyi nümayiş etdirən vətəndaşlarımız cəsur oğullarını Azərbaycan Ordusu sıralarına təntənə ilə yola salmaqdadır.
Qismən səfərbərliyə cəlb edilmiş Azərbaycan vətəndaşları , o cümlədən astaralılar ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün böyük ruh yüksəkliyi və coşqu ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinə gəlirlər.

Çoxmillətli ölkəmizdə hər kəs Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilir. Bildirək ki, qismən səfərbərliyə cəlb edilmiş astaralılardan birinci dəfə 750, ikinci dəfə 200-ə yaxın  , 3-cü dəfə 50-yə yaxın vətəndaş yola salınmışdır.Bu gün hər bir çağırışçının dilində əsas şüar bunlardır: “Biz birlikdə güclüyük!”, “Biz zəfər çalacağıq!”. Çünki bizim işimiz haqq işidir.

Astarainfo.az xəbər verir ki,hərbi vəzifəlilər cəbhənin bütün istiqamətlərində uğurlu əks-hücum əməliyyatı həyata keçirərək düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusu sıralarına qələbə əhval ruhiyyəsi ilə yola düşürlər. Astaralıların izdihamla, sevgi ilə bu tədbirlərdə iştirakı rayon camaatının Ordumuza və Ali Baş Komandana böyük inamının göstəricisidir.

Abbaszadə Əli Vüqar oğlu: Çağırışı eşidən kimi gəlib könüllü yazıldım. Her zaman canla-başla vətənin müdafiəsinə hazıram.Bu gün hamının bir istəyi var: torpaqlarımızı düşmən tapdağından azad etmək!”

Qədimov Tamerlan Ayaz oğlu:”İki ildir ki, hərbi xidməti başa vurub kəndə qayıtmışdım. Özüm pulemyotçu olmuşam.Çoxdandır ki, Ali Baş Komandandan bu çağırışı gözləyirdik.İnşallah , qələbə ilə geri qayıdacağıq”

Feyziyev Əli Mahir oğlu: ”Sizi əmin edirəm ki, mənim kimi hər bir ərçivanlı canı və qanı bahasına vətən torpaqlarını azad etməyə hazırdır. Bir qarış torpağımız belə düşmən tapdağında qalmamalıdır.”

Qeyd edək ki, vətəndaşların hərbi xidmətə çağırılması müvafiq normativ hüquqi aktlara əsasən həyata keçirilir. Artıq kifayət qədər vətəndaşın təlimlərə cəlb edildiyi, bildirilib.  Bununla belə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin qarşısında toplanan yüzlərlə gənc- rayonun mərd oğulları cəbhə bölgəsinə gedərək döyüşmək və əsgərlərimizə lazımi köməklik göstərmək istədiklərini bildirirlər.