Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edərək müzəffər Azərbaycan Ordusunun bir neçə yaşayış məntəqəsini işğaldan azad etdiyini bildirib və bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edib. Dövlətimizin başçısının bu müraciəti və səsləndirdiyi qətiyyətli bəyanat hər bir azərbaycanlı kimi, astaralı ziyalıların da sonsuz sevincinə, ruh yüksəkliyinə səbəb olub.

Bu sözləri “Tərəqqi” medallı Fərbiyə Şabanova müsahibəsində bildirib.

Azərbaycan Ordusunun cəbhədə qazandığı parlaq Qələbə münasibətilə xalqımızı təbrik edən ağbirçək ana, dövlətimizin başçısının xalqa müraciətinin bütün dünyaya mühüm mesaj olduğunu diqqətə çatdırıb.

Düşmənlə müharibədə cəsur əsgərlərimizə yeni zəfərlər arzulayan F.Şabanova, müzəffər Azərbaycan Ordusunun bir neçə yaşayış məntəqəsini işğaldan azad etməsi və bu münasibətlə Prezident İlham Əliyevinin oktyabrın 9-da bütün Azərbaycan xalqına müraciətinin, dövlətimizin başçısının erməni havadarlarına sərt mesajlarının əhali tərəfindən böyük razılıq hissi ilə qarşılandığını diqqətə çatdırıb.

O deyib: “Mən anayam. Bütün anaların arzusu sülhdür, əmin-amanlıqdır. Müharibə ölümdür, səfalətdir. Heç bir ana müharibə istəməz. Ancaq, mənfur düşmənlərimizin ucbatından cəbhədə qanlar tökülür. Ermənilər döyüşdə uduzsalar da, özlərinin murdar xislətlərindən əl çəkmirlər. Azərbaycan Prezidentinin xalqa müraciətində deyildiyi kimi, “Biz qan istəmirik. Biz istəyirik torpaqlarımız bizə verilsin”.

Heç bir qüvvə Azərbaycanın haqq işinə, ərazi bütövlüyünü təmin etməsinə mane ola bilməz. Bu gün Ermənistan məğlub durumdadır. O, sülhə gəlməyə məcburdur.

Azərbaycan Prezidentinin xalqa müraciətində Ermənistana və onun havadarlarına göndərilən sərt mesajlar haqqın, ədalətin ifadəsidir: “Qarabağ Azərbaycandır. Bunu hamı bilməlidir, o cümlədən bu gün Ermənistanın başında oturanlar da bilməlidir. Mən onlara bir daha deyirəm, əgər Moskva danışıqlarından sonra yenə də saxtakarlıq edəcəklərsə, özləri peşman olacaqlar. Biz torpaqlarımızı geri alacağıq – sülh yolu ilə, ya da ki, müharibə yolu ilə. Birmənalı! Biz istəyirik ki, sülh yolu ilə bunu təşkil edək, sülh yolu ilə bunu alaq. Ermənistana axırıncı şans veririk, axırıncı şans! Heç kimə ümid bağlamasın. Heç kim onlara kömək etməyəcək. Bizim qabağımızda Ermənistan acizdir. Bizim qabağımızda Ermənistan diz çöküb. Bizim şəhidlərimizin ruhu qarşısında biz onları diz çökdürmüşük. Şəhidlərimizin qanı yerdə qalmayıb. Mən dəfələrlə şəhid ailələrinin nümayəndələri ilə, şəhid valideynləri ilə görüşlərdə demişdim ki, biz onların qisasını alacağıq. Bizim şəhidlərimizin qanı yerdə qalmayacaq və qalmır”.

Fikrimi yenə də Azərbaycan Prezidentinin xalqa müraciətində deyilən sözlərlə bitirmək istəyirəm: “Biz xalqımızın iradəsinə arxalanmışıq və bu gün qələbə çalırıq. Tarixi qələbə çalırıq! Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir. Gələcəkdə bu qələbələr davam edəcək. Biz torpaqlarımızı azad edəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik! Düşməni ondan sonra da qovacağıq. Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənibdir. Qovacağıq onları axıra qədər. Bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”(AZƏRTAC)