Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Hovannisyan İctimai Televiziyadakı çıxışında deyib ki, Azərbaycan Ordusu Ermənistan ordusundan 12 dəfə güclüdür.
AsErmənistan mətbuatına istinadən bildirir ki, Artsrun Hovannisyan Qarabağdakı hərbi əməliyyatlarla bağlı bir sıra etiraflar edib.
Ermənistan Müdafiə nazirliyinin rəsmisi deyib ki, hərbi əməliyyatların ilk günü Azərbaycan tərəfi səmaya eyni anda 1000-dən çox uçan cihaz buraxıblar:
“Təəssüf ki, müasir hərbi elmdə bu cür hava hücumun qarşısını alacaq HHM (Hava Hücumundan Müdafiə) sistemləri mövcud deyil. Uçan cihazlar kiçik və sürətlidir. Ən pisi isə onların sayının çox olmasıdır. Hava müdafiəsində “hədəf marşrutu” anlayışı var. Sadə dildə desək, x nöqtəli hava müdafiənizin eyni anda vura biləcəyi hədəflər məlumdur. Məsələn, əgər HHM eyni anda 2 təyyarə vurmağa hesablanıbsa, bundan 5 dəfə çox təyyarəni vurması mümkün deyil”.
Artsrun Hovannisyan bildirib ki, Azərbaycan HHM sistemlərinə və nəzarət nöqtələrinə ilk zərbəni 27 sentyabrda səhər saatlarında vurub: “Bu zərbə ideal deyildi, amma bacarıqlı davrandılar”.
Müdafiə nazirliyinin rəsmisi qeyd edib ki, bu gün Azərbaycan Qarabağda super güclərin istifadə etdiyi texnologiyalardan istifadə edir: “Biz düşmən tərəfdə ən müasir HHM-lər, yüksək dəqiqlikdə olan raketlər və topçu sistemləri görürük. Yəni 5-ci nəsil müharibəsini görürük”.
Artsrun Hovannisyan Qarabağda olduqca ağır bir müharibənin getdiyini vurğuladı: “Son dəfə belə bir hücum 2003-cü ildə ABŞ hərbçiləri tərəfindən İraqa edilib”.
Müdafiə Nazirliyinin nümayəndəsi erməni tərəfinin itkilərinə toxunaraq deyib ki, biz də itkilər veririk: “Minlərlə əsgərimizi itirmişik”.