Bir neçə gündür Astara rayonunun sitrus bağlarında naringi yığımına başlanılıb. Qısa müddətdə bağlardan 5 min tona yaxın məhsul yığılıb.

Bu barədə Astara Rayon Statistika İdarəsindən Astsrainfo.az-a  məlumat verilib.
Bildirilib ki, ötən il rayonda 2227,8 hektar məhsuldar naringi bağlarından 33110 ton məhsul yığılıb, hər hektardan götürülən məhsuldarlıq 276,2 sentner olub.
Bu il havaların quraq keçməsi yetişdirilən məhsulun həm məhsuldarlığına, həm də həcminə təsir edib.
Bağlardan hələlik yalnız naringinin tezyetişən “Karli” növü yığılır. Kütləvi məhsul yığımına isə noyabr ayında başlanılacaq.
Bazarlarda naringinin satış qiyməti ötən ilə nisbətən ucuzlaşıb. Ötən il bir kiloqramı 2 manata satılan naringi meyvəsi bu il 1 manat 50 qəpik, 1 manata satılır.
Qeyd edək ki, sitrusçuluq Astara rayonunun ən gəlirli sahələrindən biridir. Rayonda sitrusçuluq və subtropik meyvə istehsalı ilə əsasən Kijabə qəsəbəsi, Şüvi, Siyəkü və Səncərədi kənd ərazi nümayəndəliklərində yerləşən yaşayış məntəqələrinin sakinləri məşğul olurlar.