Astarainfo.az xəbər verir ki, layihə  bölgənin turizm potensialını üzə çıxarmağa geniş imkanlar yaradacaq

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və  “Konstitusiya” Araşdırmalar Fondunun Lənkəran iqtisadi bölgəsində birgə həyata keçirdiyi “AqroViziya” layihəsinin icrası uğurla davam edir. Qeyd edək ki, layihə Lənkəran, Masallı, Lerik və Astara rayonlarında həyata keçirilir.

Layihə çərçivəsində dəstək vermək və inkişafına kömək etmək üçün region üzrə 10 turizm üçün yararlı məkan seçiləcək. Bu məhsul yetişdirən (meyvə, tərəvəz, giləmeyvə) və ya heyvandarlıq, quşçuluq, balıqçılıq, arıçılıq təsərrüfatları, heyvan və bitki məhsullarının (süd istehsalçıları, mürəbbə və təbii meyvə şirəsi, təbii yun və boyalardan istifadə edən yerli sənətkarlıq,  ağac oyma və s.) emalı ilə məşğul olan kiçik və orta ailə təsərrüfatları və müəssisələri ola bilər. Həmçinin, qorunan  təbiət  əraziləri də daxil olmaqla təbii gözəllik yerlərinə yaxın olan kənd evləri də ola bilər.

Layihənin İcra planına uyğun olaraq 20 sentyabr 2020-ci il tarixdən 20 oktyabr 2020-ci il tarixədək bölgədə turizm məkanlarından müraciətlər qəbul olunub. Ümumilikdə, 52 müraciət daxil olub.  Layihə ekspertlərinin hazırladığı meyarlar  əsasında bu məkanlar qiymətləndirilir. Noyabr ayının birinci yarısında 10 turizm məkanının seçilməsi prosesi başa çatacaq.

Layihədə nəzərdə tutulur ki, bu seçilən 10 turizm məkanının ehtiyacları  qiymətləndiriləcək, onlara biznes planlar hazırlamağa, onların tanıtımına, xidmət personalı və menecerlərinin təlim almasına dəstək veriləcək.

Bakıdan KİV nümayəndələri, məktəblilərin tanıtım turları təşkil olunacaq, reklam materialları hazırlanacaq.  Onların tanıtımı və xarici turistlərin cəlb edilməsi üçün mobil əlavə və veb-sayt yaradılacaq. Bu məkanların əməkdaşlarının xarici təcrübəni öyrənməsi məqsədilə xarici ölkələrdən birinə səfəri də təşkil ediləcək. Bütün bunlarla yanaşı bu məkanlarda istehsal edilən məhsullar, göstərilən xidmətlərin Bakıda sərgiləri keçiriləcək.

Layihənin icrası zamanı Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyətləri ilə sıx əməkdaşlıq ediləcək.