Təcavüzkar və terrorçu dövlət olan Ermənistanın törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq sentyabrın 27-dən rəşadətli Azərbaycan Ordusu əks-hücum əməliyyatı nəticəsində düşmənə sarsıdıcı zərbələr endirir. Şiddətli döyüşlər zamanı qoşunlarımızın şəxsi heyətinin şücaəti nəticəsində bir sıra şəhər və kəndlərimiz, strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad olunub. Qazanılan bu zəfərlərlə bağlı indi respublikamızın hər bölgəsində əsgərlərimizə dəstək aksiyaları təşkil olunur, uşaqdan tutmuş böyüyə kimi onlara sevgi və diqqət göstərilir. Astaranın Siyəkü kəndində balaca rəssamlar da ordumuza dəstəyini belə nümayiş etdirirlər.
Astara rayonunun dağlarla əhatə olunan kəndlərindən olan Siyəküdə yaşayan mədəniyyət işçisi Babaş Hacıyev artıq 3-cü ildir doğulduğu kənddə rəssamlıq evi yaradıb. İxtisasca rəssam-heykəltəraş olan Babaş Hacıyev buranı yaratmaqda məqsədi uşaqlara pulsuz sənət öyrətməkdir. Öz şəxsi vəsaiti hesabına inşa etdiyi bu rəssamlıq evində 30-a yaxın uşaq rəssamlıq, heykəltəraşlıq və dərzilik sənətinin sirlərini öyrənir. Onların arasında fiziki qüsurlu uşaqlar da var. Bu azyaşlı uşaqların çəkdiyi əsərlər daha çox üçrəngli bayrağımız, şəhidlər və rəşadətli Ordumuzun qazandığı zəfərlər mövzusundadır.
Balaca rəssam Vəfa Fətəliyeva: “Gördüyünüz kimi bu tabloda şəhid gizir Pəncəli Teymurovun şəklidir. O, Aprel döyüşlərində böyük igidlik göstərib. Şəhidlərimizin şərəfli və qısa həyatı bizə daim örnəkdir. Hər gün rəşadətli Azərbaycan Ordusu yeni qələbələr, zəfərlər qazanır. İnşallah, işğalda olan Şuşanı da düşməndən azad edəcəklər”.
Rəsm əsərləri haqqında danışan balaca rəssam Telnaz Hacıyeva deyib: “Əsərimdə əsgərlərin tanklarla mənfur düşmənlərin üzərinə getməsini canlandırmışam. Bizim əsgərlərimizin hər biri cəsur və qəhrəmandır. Ordumuz hər zaman qələbə qazanır və ordumuz işğalda olan torpaqlarımızı azad edəcək. Biz şagirdlər də qüdrətli Ordumuzla fəxr edirik”.
Balaca rəssam Barış Hacıyev: “Mən isə bu tabloda 1-ci Qarabağ müharibəsində döyüşlərdə şəhid olmuş Elşən Baxşıyevi təsvir edirəm. Burdan bütün dünyaya səslənirəm ki, Şəhidlər ölməzdir, Vətən bölünməz. Qarabağ Bizimdir. Qarabağ Azərbaycandır!”
Hazırda tətildə olan bu şagirdlər həftədə iki gün olmaqla rəssamlıq evinə gələrək yaratdıqları bu əsərlərlə Ordumuza dəstək olduqlarını nümayiş etdirirlər. Müəllimləri Babaş Hacıyevdən sənətin sirlərini öyrənən bu uşaqların ən böyük arzusu Ordumuzun gücü sayəsində Qarabağımızın tam düşməndən təmizlənməsidir.
Lənkəran Regional Mədəniyyət İdarəsinin əməkdaşı olan rəssam Babaş Hacıyev Aprel döyüşlərinin əfsanəvi qəhrəmanı, Silahlı Qüvvələrin xüsusi təyinatlı giziri olmuş, şəhid Pəncəli Teymurovun büstünü və barelyefini hazırlayır. 40 ilə yaxındır Astara rayon mədəniyyət şöbəsində çalışan müsahibimiz deyir ki, indi döyüş meydanında Pəncəlinin silahdaşları onun kimi igidlərin qisasını alır: “Hazırda Aprel döyüşlərində şəhid olan həmyerlimiz Pəncəli Teymurovun həm barelyefini, həm də heykəlini işləmişəm. Son tamamlama işlərini görürəm. Aprel döyüşlərində Ordumuzun göstərdiyi şücaət hamımıza yaxşı məlumdur. Burada qəhrəmanlıq göstərən oğullardan biri də Pəncəli olmuşdur. Pəncəlinin silahdaşları indi döyüşdə yeni tarix yazır. Biz dövlətimizə, Ordumuza, Müzəffər Ali Baş Komandanımıza dəstəyik. Uşaqlarımızı da vətənpərvər ruhunda böyüdürük. Vətən müharibəsində şəhid olan igidlərimiz əbədi yaşasın deyə onların şəkillərini və portretlərini hazırlayırıq, həmçinin dövlət rəmzimiz olan bayrağımıza olan hörmətini təqdim edirik”.
Rəssamlıq evində dərzilik sənətini öyrənən bu balaca qızlarımız indi daha çox dövlət rəmzimiz olan üçrəngli bayraq tikirlər. Könüllü tikilən bu bayraqlar Vətən müharibəsində əldə olunacaq Qələbə günü təmənnasız olaraq Qarabağımıza göndəriləcək. Bu vətənpərvər balaca uşaqlar 27 illik Qarabağ həsrətimizə son qoyan rəşadətli Ordumuza dəstəklərini belə nümayiş etdirməkdən qürur duyurlar.(AZERTAC)