Anar Eyvazov: Hazırda ordumuz əməliyyat şəraitinə tam nəzarət edir

Ötən sutka ərzində düşmən Tərtər və Ağcabədi rayonlarında yaşayış məntəqələrimizi, o cümlədən Ermənistanın Berd, Çəmbərək və Gorus rayonlarından Tovuz, Gədəbəy və Qubadlıda yerləşən bölmələrimizin mövqelərini artilleriya və digər atıcı silahlardan atəşə tutub. Əsasən Ağdərə, Ağdam, Xocavənd, Qubadlı və Zəngilan istiqamətlərində aparılan döyüş əməliyyatlarında ordumuzun cavab tədbirləri nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd piyada döyüş maşını, dörd ədəd “Qrad” yaylım atəşli reaktiv sistemi, 8 ədəd müxtəlif tipli topu, 2 rabitə qülləsi, ikisi sursatla dolu olmaqla 7 ədəd avtomobil texnikası dəqiq atəş zərbələri ilə məhv edilib.

Astarainfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov noyabrın 1-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.

Mətbuat katibi bildirib ki, düşmənə məxsus silah və sursat ələ keçirilib. Cəbhənin müxtəlif istiqamətlərində gün ərzində düşmənin iki artilleriya batareyası məhv edilib. “Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan Ordusunun Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur. Bununla yanaşı, biz xəbərdarlıq etmişik ki, Ermənistan ərazisindən bölmələrimizin mövqelərinə və yaşayış məntəqələrimizə atəş açan düşmən mövqeləri və döyüş vasitələri adekvat tədbirlər çərçivəsində legitim hərbi hədəflərə çevrilir”, – deyə o bildirib.

Anar Eyvazov qeyd edib ki, Azərbaycan Ordusu müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxararaq onu faktiki olaraq iflic vəziyyətinə gətirir. Müasir texnoloji silahlar ordumuzun güc alətlərindən yalnız biridir. Müharibənin taleyini müəyyən edən başda Müzəffər Ali Baş Komandanımız olmaqla döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandiridir. Məhz onların səyi nəticəsində iflic vəziyyətinə düşən Ermənistan ordusu arsenalında olan köhnə və istismar müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb edir.

“İstisna olunmur ki, Ermənistan ərazisindən Azərbaycanın mülki əhalisini hədəfə alan düşmənin bu tip sistemlərdən atdığı raketlərin bəziləri uçuş trayektoriyalarını dəyişərək işğal altında olan yaşayış məntəqələrinin və oradakı mülki obyektlərin üzərinə düşür. Hazırda ordumuz əməliyyat şəraitinə tam nəzarət edir. Qələbə bizimlədir”, – deyə Anar Eyvazov vurğulayıb.