Səhiyyə Nazirliyinin nəzdində COVID-19 ilə mübarizənin gücləndirilməsi üçün yaradılmış işçi qrupunun üzvü Sevda Məmmədova növbəti onlayn müsahibəsi zamanı cari ilin iyul ayından etibarən xidmət göstərən “814” Çağrı Mərkəzinin iş qrafiki barədə məlumat verib.

Bu barədə Astarainfo.az-a nazirliyin Mətbuat Xidmətindən bildirilib.

Onun sözlərinə görə, hal-hazırda mərkəz bazar ertəsindən şənbə günü daxil olmaqla səhər saat 8-dən axşam saat 18-dək zəngləri qəbul etməkdədir. Sutkanın qalan saatlarında işçi qrupunun üzvü Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti ilə əlaqə saxlamağı məsləhət görüb: “Bu ilin avqust və sentyabr aylarının hər birində “814” nömrəsinin qəbul etdiyi müraciətlərin sayı 1300-1400 təşkil edib, oktyabr ayında isə artıq bu say 3500 – 4000-ə qədər artıb. Daxil olan müraciətlərin 90 faizi dəyərləndirilib, Bakı şəhərinin 87 tibb müəssisəsini əhatə edən 39 sahə məntəqəsinə yönləndirilir. Bundan sonra sahə məntəqələri bu müraciətləri rəsmiləşdirib, xəstələrin vəziyyətini dəyərləndirmək üçün sahə həkimlərinə yönləndirilir. Sahə həkimi sorğu-sual əsnasında xəstənin vəziyyəti haqqında məlumat toplayıb, COVID-19 testinin səyyar tibb xidməti tərəfindən keçirilib-keçirilməməsinə qərar verir. Müraciətlərin həmin qalan 10 faizi, əsasən, ağır simptomlu və hərarəti 38°C-dən yüksək olan xəstələr dərhal Bakı şəhərinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinə yönləndirilir”.

Sevda Məmmədova COVID-19 virusuna yoluxmuş evdə müalicə alan xəstələrin müalicə prosesinə toxunaraq dedi: “Yoluxmanın ilk simptomları müşahidə olunarsa, dərhal “814” Çağrı Mərkəzi və ya birbaşa sahə həkimi ilə əlaqə saxlamaq lazımdır. Testin nəticələri pozitiv olan təqdirdə həmin şəxs təcrid olunmanın, onunla bir mənzildə yaşayan ailə üzvlərinin isə bu rejimə riayət etməklərinin olduqca vacibdir. Testi pozitiv çıxan simptomsuz və yüngül simptomlu evdə müalicə alan vətəndaşların xüsusi vitamin kompleksi ilə təmin olunmalıdır. Sahə həkimləri tərəfindən həmin xəstələrlə gündə iki dəfə əlaqə saxlanılır və vəziyyətləri müşahidə olunur”.

İşçi qrupunun üzvü xüsusi vurğulayıb ki, evdə olan COVID-19 xəstələri yalnız vitaminlər kompleksi vasitəsilə müalicə olunur, digər dərman və tibbi müdaxilə həyata keçirilmir: “Ölkəmizdə evdə müalicə almış 8000-dən çox COVID-19 xəstəsi vitamin kompleksi ilə təmin olunur. Sözügedən vitamin kompleksinə C və D vitaminləri, Sink, Selenium, Maqnezium və Parasetamol daxildir. Bu preparatlar birbaşa xəstələrin yaşadıqları yerlərə çatdırılır və pasiyentlər tərəfindən 15-20 gün ərzində qəbul edilir”.

Müsahibə zamanı, həmçinin 12 yaşdan kiçik olan uşaqların müalicəsi prosesi haqqında məlumat verilib. Bildirilib ki, uşaqlarda COVID-19 virusu aşkar edildikdə onlar dərhal sahə pediatrının nəzarəti altına götürülür: “Xəstəliyin gedişatına uyğun olaraq, onlar müşahidə altında saxlanılır, ağırlaşma halları baş verdikdə isə dərhal xəstəxanaya yerləşdirilir. Uşaqlar böyüklərlə müqayisədə COVID-19 xəstəliyini simptomsuz və yaxud olduqca yüngül simptomlarla keçirir. Ümumiyyətlə, uşaqlar ölkə üzrə koronavirusa yoluxan xəstələrin təxminən 20 faizini təşkil edir”.

Müsahibəsinin sonunda Sevda Məmmədova son günlər ərzində COVID-19 üzrə statistikanın armasının xəstələnmə riskinin yüksəlməsinə gətirəcəyini bildirib. İşçi qrupunun üzvü koronavirusa qarşı ehtiyat tədbirinə riayət etməyin tələb olunduğunu xüsusi vurğulayıb, virusdan qorunmağa aid olan bir neçə tövsiyəsini bölüşüb: “Hərarət, öskürək və ya tənginəfəslik olarsa dərhal tibbi yardım üçün müraciət edin, insanların çox olduğu qapalı məkanlardan uzaq olmağa çalışın, insanlarla aranızda ən azı 2 metrlik fiziki məsafəni saxlayın, maskadan istifadə edin, sabun-su və ya spirt tərkibli antiseptik vasitələrdən tez-tez istifadə edin, qapalı məkanları daim havalandırın. Əminəm ki, hamımız bu sadə qaydalara ciddi şəkildə riayət etsək, bütün çətinliklərin öhdəsindən gəlib, özümüz və yaxınlarımızın sağlamlığını qorumuş olarıq”.