Azərbaycanın qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Dağlıq Qarabağ ümumilikdə Qarabağın bir hissəsidir. Sovet hakimiyyəti dövründə 1923-cü ildə Qarabağın dağlıq hissəsində 4,4 min kv.km ərazidə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Bununla da bu ərazidə separatçılıq meyllərinin əsası qoyulmuşdur. Əslində isə problemin kökündə Qarabağa XVIII əsrdən başlayaraq köçürülən ermənilərin Azərbaycan torpaqlaraına yiyələnmək iddası dayanır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamışdır. Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin əvvəllərindən SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi üçün fəaliyyətə başladılar.

1987-1989-cu illərdə Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulub, yüzlərlə azərbaycanlı, günahsız insanlar  vəhşicəsinə qətlə yetirilib və  yaralanıb.

1992-ci ilin fevral ayında Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı misli görünməmiş qırğın törədilmişdir. Xocalı soyqırımı kimi tanınmış bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi yaxud əsir düşməsi ilə nəticələnmiş, şəhər yerlə-yeksan edilmişdir.

1992-ci ilin may ayında Şuşa şəhəri daxil olmaqla bir çox rayonlar  Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan Xankəndi, Xocavənd vəhşi ermənilər tərəfindən zəbt edilmişdir.

Tarix göstərir ki, 1988-1993-cü illərdə Qarabağda, yüzlərlə məscidlər, məktəblər, tarixi abidələr, körpülər və  digər infrastruktur obyektləri dağıdılmışdır. Azərbaycanın işğal edilmiş ərazilərində dünya əhəmiyyətli abidələrə Cəbrayılda orta əsrlərə aid 11 və 15 tağlı Xudafərin körpüləri və Tunc dövrünə aid Niftalı kurqanları, Kəlbəcərdə orta əsrlərə aid Gəncəsər və Xudavanq monastırları, Ağdamda XIV əsrə aid Qutlu Musa oğlu türbəsi və Tunc dövrünə aid Üzərliktəpə yaşayış massivi, Xocavənddə Paleolit dövrünə aid Azıx və Tağlar mağarası və Xocalıda Tunc və Dəmir dövrünə aid kurqanlar daxildir.

Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan destruktiv siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsinə mane olur, siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozmağa çalışır və Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status-kvonu qorumağa çalışır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Hazırda dünya birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq bəyan edib ki, “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq… Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində… heç bir güzəşt olmayacaq”.

Tam əminliklə demək olar ki, Azərbaycanın dövlət rəhbərliyinin müdrik və uzaqgörən siyasəti, xalqımızın doğma torpağa məhəbbəti, ən əsası yumruq kimi bir olmağı və Ordumuzun fədakarlığı ilə yaxın zamanda erməni faşizmi peşmanlıqla məyus halda ağ bayrağı qaldırmağa məcbur olacaq. O gün lap yaxındadır…

 

Vüqar Qasımov

Rayon  Qeydiyyat Şöbəsinin müdiri