Bu gün  İkinci Qarabağ müharibəsində qazanılan qələbənin ,Ermənistanın təslim olması ilə nəticələnən bəyanatın rəsmi şəkildə elan edilməsindən sonra Astaralılar  bu tarixi zəfər gününü küçələrdə qeyd edir, duyğularını bu və ya digər şəkildə təzahür etdirirlər.

Günün ikinci yarısında da, şəhərdə  sanki insan seli müşahidə olunub.Müjdəli xəbəri eşidən andan  böyük coşqu və sevinclə küçələrə axışan astralılar axşam saatlarında Astara şəhərindəki dənizkənarı park-bulvar kompleksində möhtəşəm atəşfəşanlıq təşkil ediblər. Musiqi sədaları altında rəqs edən kim,xorla mahnı oxuyan kim.Gurultulu alqışlar, ura! sədaları səmaya yüksəlib.  

Astarainfo.az xəbər verir ki, kiçikdən böyüyə hər kəs bayram əhval-ruhiyyəsində idi.Üzlərdə fərəh,gözlərdə sevinc …Xoşbəxt olanda ,həqiqətən, insanlar daha da gözəl görünür. Hətta  bir-birini tanımayan insanlar da qucaqlaşır,bir-birini təbrik edirdilər.Gənclər “Qarabağ Azərbaycandır!”, “Azərbaycan Ordusuna eşq olsun!”, “Qələbə bizimdir!” kimi şüarlar səsləndirirdilər.

Qarabağ müharibəsində xüsusi şücaətlər göstərən,düşmənin 7 tankını məhv edib ,canlarına vəlvələ salan  qazi Rüfət Əsədullayevin qələbə bayramına qatılması ilə parkdakı coşqu daha da artdı Onu əhatəyə alan rayon sakinləri  xoş arzularını,minnətdarlıqlarını ifadə etdilər.Azyaşlı uşaqlar da Rüfətə yaxınlaşaraq onunla fəxr etdiklərini bildirib,xatirə şəkilləri çəkdilər.

Maraqlı cəhətlərdən biri də qələbə sevinci ilə aşıb-daşan rayon camaatının  müsahibə verməyə xüsusilə can atması idi.Hər kəs qəlbindəki duyğuları nəinki mikrafonumuza ,hətta dünyaya car çəkmək istəyirdi.

Firəngiz Sadıqova:“Sevinirəm,heç olmadığı qədər.Bu bilirsiniz nə deməkdir? 30 ildir haray səsimizi duymaq istəməyən dünyanın gözünə dik baxacağıq.Biz haqqımız olanı qazandıq.Əlbəttə hamımız sülh istəyirdik.Bu qələbə Azərbaycan oğullarının qeyrətindən, şəhidlərimizin qanından ,öz ciyərparalarını bu yurda fəda edən anaların gözlərində sönən işıqdan,  ,atasız qalan balaların fəryadından,ərsiz qalan gəlinlərin naləsindən yoğrulub.Vətən azərbaycanlı üçün namusdur,qeyrətdir.Biz vətənsiz qalmayaq deyə göz qirpmadan minlərlə qəhrəman oğullarımız könüllü olaraq cəbhəyə atıldı.Bütün dünya türkün gücünü gördü.Bütün dünya bildi ki,Azərbaycan əsgəri nəyə qadirdir.Bu gün bizim fəxarətlə qalibik deməyə haqqımız var”

Rəşad Həsənov: “Bu gün bütün Astara ayaqdadır.Saatın neçə olmağına baxmadıq.Cənab Prezident bu müjdəni verən kimi dosta,tanışa zəng edirik,bayramlaşırıq.Bundan böyük bayram ola bilməz.Bu Vətən savaşında Astaranın,bütün Azərbaycanın  igid oğullarının şücaətini hamı eşitdi,bildi.Mən belə vətəndaş yetişdirən,tərbiyə edən analara və müəllimlərə minnətdarlığımı bildirmək istəyirəm.Biz övladlarımızı mənfur düşmənimiz kimi nifrətlə, qəzəblə yetişdirmədik.Biz onlara həqiqəti öyrətdik və bizim oğullarımız əsl kişi kimi yetişdilər.Bu gün onların qeyrətini bütün dünya gördü.”

Yeganə Əliyeva : “Sevincimiz hədsizdir.Bizim Astaradan çox qəhrəmanlar birinci və ikinci Qarabağ müharibəsində vuruşdular.Günlərdir yaşadığımız gərginlik,həyəcan bu gün sevinclə əvəzlənib.Mən şəhidlərin ruhu qarşısında baş əyirəm,Ali Baş Komandanımıza minnətdarlığımı bildirirəm.Bu sevinc bam-başqa bir sevincdir,bu sevincin əvəzi yoxdur,bu illərin nisgilini yuyub aparan sevincdir.”

Sevil Sultanadə: “Sentyabrın 27-dən bəri gecələr gözümüzə yuxu getmirdi.Sübhədək əsgərlərimizə dua edən anaların, bacıların səsini,hıcqırığını çox şükür ki,ulu tanrı eşitdi.Soyuqda,şaxtada,dumanda səngərlərdə döyüşən qəhrəman əsgərlərimiz,sizə minnətdarıq.Bu böyük qələbəni bizə qazandıran onlardır,tarix yazan sərkərdəmiz İlham Əliyevdir. Bu qələbəni biz canımızla ,qanımızla qazanmışıq.Mən qürur duyuram ona görə ki ,Astradan neçə-neçə qəhrəman oğullar bu qələbənin qazanılmasında can qoydular,böyük şücaətlər göstərərək tarixin səhifələrinə adlarını yazdırdılar.Şükürlər olsun ki,şəhidlərimizin qanı yerdə qalmadı”

Şahin Mirzəzadə: “Bu gün hamımız sevinirik.Bu gün Cənab Prezident sevinir,gülür,onunla birlikde 10 milyon xalq sevinir.Çox istərdim ki,2-3 yaş böyük olum,mən də ön cəbhədə vuruşum.Amma mərd qardaşlarımız düşmənə əsl laiq olduğu cavabı verdi,çox şükür.İllərdir qara-qanlar axan ürəklərə bu gün sərin su səpildi.”

Yusif Qasımov: ” Müharibə başlanan gündən gözümüzə yuxu getmir,hər an cəbhədən xəbər gözləyirik.Cənab Prezidentin qələbə xəbərini saytlar paylaşanda oyaq idim.Son günlər cəbhədən gələn xəbərlər möhtəşəm idi.Artıq Şuşanı da almışdıq.Amma bu xəbəri oxuyanda az qala sevincdən ürəyim dayanacaqdı.Bütün ailəni yuxudan oyatmışam.”