Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu gecə xalqa müraciət edərək şanlı Qələbə xəvərinin verməsi ölkəmizin hər yerində olduğu kimi, Astara rayonunda bayram sevinci ilə qarşılanıb.

Səhər saatlarından başlayaraq üçrəngli Azərbaycan və Türkiyə Respublikasının dövlət bayraqları ilə bəzədilmiş maşın karvanları ilə şəhər ərazisində yürüş edən astaralılar öz sevinclərini sanki hamı ilə bölüşmək istəyirdilər.

Astara şəhərindəki dənizkənarı park-bulvar kompleksinə axışan rayon sakinləri “Yaşasın Ali Baş Komandan!”, “Qarabağ Azərbaycandır!”, “Azərbaycan Ordusuna eşq olsun!”, “Qələbə bizimdir!” kimi şüarlar səsləndiriblər. Rayonun bədii özfəaliyyət kollektivlərinin üzvləri vətənpərvərlik mövzusunda mahnılar ifa edir, şeirlər söyləyirdilər.

Astaralılar şanlı Qələbənin əsl sevincini yaşayırlar. Onlar bu sevinci və qürur hisslərini onlara yaşatdığına görə dövlətimizin başçısına minnətdarlıq edirlər.

Parka toplaşanlar arasında mənfur düşmənlərlə savaşda yaralanmış, Azərbaycan Ordusunun əsgəri, rayonun Səncərədi kənd sakini Çoşqun Şöhübzadə də vardı. Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralanmış məğrur əsgərimizi sakinlər əllərindən yerə qoymurdular. O, sanki böyük Qələbənin rəmzinə çevrilmişdi. Sakinlər onu təbrik edir, onunla şəkil çəkdirir, sevinclərini onunla bölüşürdülər.

Məğrur baxışlarla hamıya minnətdarlığını bildirən Çoşqun Şöhübzadə Qələbə sevincini bizimlə də bölüşdü: “Sevincimin həddi-hüdudu yoxdur. Azərbaycan xalqı böyük Qələbəni bayram edir. Xoşbəxtəm ki, bu qələbədə mənim də payım var. Vətənin müdafiəsinə həmişə hazıram!”.

Coşqunun atası Füzuli Nəzərov da söhbətə qoşularaq Azərbaycan xalqını böyük Qələbə münasibətilə təbrik etdi: “Bizi bu xoşbəxtliyə qovuşduran xalqımızın mətin iradəsi, Ordumuzun yenilməz rəşadəti, Müzəffər Ali Baş Komandanımızın misilsiz cəsarəti oldu”.

Bu qələbəlikdə əlində üçrəngli Azərbaycan bayrağı tutmuş, gözləri sevinc dolu Lamiyyə Abbasovanın hönkürtüsü diqqətdən yayınmadı. O, bizimlə söhbətində dedi: “Sevincimdən ağlayıram. Bu, sevinc göz yaşlarıdır. Qələbə müjdəsi gözlərimizi yaşartdı, başımızı ucaltdı. Bu sevinci bizə bəxş edən dövlətimizin başçısına, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımızı bildirirəm”.

Bəli, bu gün hər bir astaralının çöhrəsində təbəssüm, sevinc nişanələri var.

Gözün aydın Azərbaycan! Gözün aydın Müzəffər Ali Baş Komandan! Qoy həmişə nəsibin sevinc olsun qalib xalqım!

Astarainfo.az