Astara rayonunun çəltik sahələrində məhsul yığımı başa çatıb. Bu il rayonda 204,6 hektar sahədə çəltik əkilib. Sahələrdən, ümumilikdə, 843,6 ton çəltik yığılıb.
Bu barədə Astarainfo.az-a Astara Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, rayonda çəltikçiliklə məşğul olan fermerlər və məhsul istehsalçıları bu il məhsuldar “Haşimi”, “Sədri” və “Apola” növlərinə daha çox üstünlük veriblər. Sahələrdə vaxtında lazımi aqrotexniki işlər görülüb, zərərvericilərə qarşı tədbirlər aparılıb.
Bütün bunlar məhsuldarlığa müsbət təsir göstərib və çəltik sahələrinin hər hektarından götürülən məhsuldarlıq 41,2 sentner olub.
Qeyd edək ki, ötən il Astara rayonunda 237 hektar sahədə çəltik əkini aparılıb və bu sahələrdən 997 ton məhsul yığılıb.