ESSE

 

Yaşadığım həyəcan sevinc dolu əzəmətli bir gecənin təsiri ilə qələmə sarılmışam. O şanlı, qələbə sevincli 30 ilin həsrətinə, intizarına son qoyan gecənin təəssüratı heç zaman unudulmayacaq, yaddaşlardan silinməyəcək zaman-zaman xatırlanacaq. Vətən Müharibəsinin 44-cü günü qızıl hərflərlə tarixə yazıldı, ömrümüzə həkk olundu.

Əzəli Azərbaycanın olan torpaqlarımızdan mənfur düşmənin məyuscasına geri çəkilməyi qəlbimizi dağa döndərdi. Bu şanlı tarixi qələbə dünyada yaşayan soydaşlarımızda böyük coşqunluq yaratdı. Onlar axın-axın birləşərək izdiham oldu. Qələbə əzimli, coşqunlu, bəxtiyarlı alqış sədaları göylərdə pərvaz edən şəhidlərin müqəddəs ruhlarına çatdı. Qanları yerdə qalmadı. Payız günündə fəxarətlə yürüşlərin keçirilməsi Ulu Yaradanın da bizlərə lütfü oldu. Cənab haqq illər boyu etdiyimiz səbrin əcrini verdi.

Sentyabrın 27-də başlanan Vətən Müharibəsinin səksəkəli təşviş, həyəcan dolu günlərində qəlb göynədən, bağrımızı dələn kədərlərdən gözlərimiz yaşanarkən Ali Baş Komandan, hörmətli Prezidentimizin bizlərə çatdırdığı xoş müjdələr qəlbimizi sərinlədir kədərimizə yağ kimi məlhəm olurdu. Düşmən tapdağından xarabalığa çevrilmiş, min bir sərvətli seyredici torpaqlarımızı  əzmkar ordumuz aldıqca ömrümüzə ömür calanırdı.

Budur, 44 günün əzəmətini, qələbə sorağından yaşanan məsudluğu, böyük izdihamı, təbəssümlü baxışları görmək, xeyr-duaları alqışları eşitmək nəcə də xoşdur. Azərbaycan tarixində həsrətlə gözlədiyimizə nəhayət ki, imza qoyuldu. “Mənəm-mənəm” deyən iblis xislətli düşmən biabır oldu.

O gün hamı kimi yaşadığım sevinci təsirlənmiş halda telefonla şəhid, əsgər ailələri, qazilərlə, dostlarla paylaşanda qəlbimin necə çırpındığını və onların da sevinc qarışıq hıçqırıqlarını duyurdum. Sanki təbəssümlü, nəmli baxışlarını görürdüm. Bu coşqun qələbənin sevincini, ləzzətini azərbaycanlılara yaşadan qətiyyətli, mübariz, qüdrətli rəhbərimizin və rəşadətli ordumuzun, qorxmaz hərbiçilərimizin fədakarlığı tarixlər boyu yaşayacaq. O gecə evdən çölə –  bayıra atılan əllərində üç rəngli bayrağı dalğalandıran 7-də 77 ə qədər hər kəsin çöhrəsindən məhsudluq yağırdı. Bu münasibətlə qələbə sorağlı qurbanlıqlar kəsildi, şəhidlərin məzarlığı, qazilər ziyarət edildi. Şükür namazları qılındı dualar oxundu.

Arzudan arzu doğar. Hər qəlbdən yeni bir dilək oyandığı kimi bu sətirlərin müəllifinin də Vətən Müharibəsinin beşinci günündən bir diləyi var “Laçınım-Laçınım” deyib hayqıran ölməz sənətkarın yurdunda olmaq və Şuşada namaz qılmaq…

Hörmətli Prezidentimizin “Şuşa biz sənə qayıdırıq, Şuşa biz səni dirçəldəcəyik” söylədiyi  fəxarətli sözlərinə görə hər kəs Şuşanı, Laçını ümumilikdə Qarabağı – Azərbaycanı görmək arzusundadır.

Bütün diləklər çin olsun, xeyir-dualar Allahın dərgahına çatsın!

Gülnar Əsədli