• Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı Bəyanata əsasən, işğalçı qüvvələr Kəlbəcər rayonunu noyabrın 15-dək boşaltmalı idi. Amma Ermənistan tərəfi rayonun təhvil verilməsi üçün əlavə 10 gün vaxt istəyib. Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirərək, Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq, bu müddətin noyabrın 25-dək uzadılmasına razılıq verib.
    Bu qərarı qəbul edərkən Azərbaycan tərəfi Kəlbəcər rayonunun coğrafi baxımdan böyük bir ərazini əhatə etməsini, relyefin mürəkkəbliyini, hava şəraitinin ağırlaşmasını və rayondan çıxış üçün cəmi bir yolun olduğunu nəzərə alıb. Dövlətimizin yürütdüyü siyasətdə daim humanizm prinsiplərini rəhbər tutduğunu nəzərə alsaq, Azərbaycanın bu məsələyə razılıq verməsini də bu qəbildən olan növbəti addım hesab etmək olar.
    Lakin gecə evlərində yatan insanları raket atəşinə məruz qoyan, Xocalı faciəsini törədən Ermənistan 1993-cü ildə Kəlbəcəri işğal edərkən əhaliyə rayonu tərk etmək üçün cəmi 10 saat vaxt vermişdi. Buna baxmayaraq, Azərbaycan humanistlik göstərərək daha 10 gün gözləməyə razılaşıb. Odur ki, ermənilər Azərbaycanın növbəti bu humanist addımını heç vaxt unutmamalıdırlar.
    Qeyd edək ki, Ermənistan KİV-lərinin, həmçinin xarici media orqanlarının yaydıqları informasiyalardan da görünür ki, artıq Azərbaycanın Kəlbəcər rayonunun təhvil verilməsi istiqamətində işlərə başlanılıb. Eyni zamanda, noyabrın 20-də Azərbaycana təhvil veriləcək Ağdam rayonu ərazisinin də boşaldılması bu yoldan həyata keçirilir. Digər tərəfdən, bu yolun texniki imkanları da kütləvi hərəkətə imkan vermir və beləliklə, ləngimələr yaranır. KİV-lərdə gedən reportajlardan da yolda yaranmış tıxacları müşahidə etmək olur. Həmçinin Müdafiə Nazirliyinin bu gün təqdim etdiyi videogörüntülərdən də prosesin həyata keçirildiyi faktları görmək mümkündür. Azərbaycan isə prosesi təmkinlə izləyir və müddətin uzadılması ilə bağlı qərarın qəbulu bir daha sübut edir ki, Ermənistandan fərqli olaraq, Azərbaycan həm müharibə, həm də sülh dövrünün qaydalarına tam əməl edir. Hərbi əməliyyatlar zamanı mülki şəxsləri və yaşayış məntəqələrini hədəf seçməyən Ordumuz hazırda rayonun sakit və təhlükəsiz şəkildə boşaldılmasını təmin edir.
    Digər maraqlı məqam isə Azərbaycanın tarixi torpaqlarına köçürülən ermənilərin Kəlbəcərdə evlərə və meşələrə od vurmaqda davam etməsidir. İşğal edilənə qədər Kəlbəcərdə heç bir erməni yaşamayıb, buradakı evlər, tarixi abidələr bizə məxsusdur. Meşələrə od vurmaq, ağacları kəsmək isə əsl ekoloji terrordur. Bu barbarlıq xarici KİV-in və dünya ictimaiyyətinin gözü qarşısında baş verir.
    1993-cü ildə Kəlbəcərin əsl sakinləri dağları, meşələri, keçilməz yolları ayaqyalın qət edərək canlarını erməni silahlılarından güclə qurtardılar. Yüzlərlə kəlbəcərli qırğına məruz qaldı, cəsədləri belə təhqir edildi. Çoxlu sayda insan girov və ya itkin düşdü. Kəlbəcərlilər özləri ilə heç nə götürə bilmədilər, sakinlərin bütün əmlakı ermənilər tərəfindən qarət olundu.
    Bu gün isə Azərbaycan humanist xarakterini bir daha nümayiş etdirərək ermənilərə Kəlbəcəri tam boşaltmağa, hər şeylərini aparmağa imkan yaradır, yetər ki, tarixi, gözəl təbiətə malik torpaqlarımızı qaytarsınlar.
    27 il əvvəl baş verənlər və bu gün şahidi olduğumuz mənzərə isə bizim fərqimizi – iki ölkə arasındakı fərqi tam şəkildə təsvir edir.(Azərtac)