İgid ərənlərimizin diləyi: Vətən sağ olsun!

Ərçivan qəsəbəsinin tarixi çox qədimdir.Bu qəsəbə əzəldən qeyrətli ,cəsur oğul-qızları ilə seçilir.Birinci Qarabağ müharibəsində Ərçivanın şəhidləri,veteranları olduğu kimi, Vətən müharibəsində də çoxlu gəncləri(bəziləri könüllü) iştirak edərək vətənə olan sədaqətlərini göstərmişlər.44 gün davam edən Vətən müharibəsində şəhid olan və qazi kimi qayıdan gənclərimizlə fəxr edir,qürur duyuruq.Onlar bir atanın,ananın övladı yox,ümumən Azərbaycan oğlu kimi əbədiyaşar tarix yazdılar.

Ölməyə yox ,öldürməyə getmişdik.

Əliyev Mirəli Feyruz oğlu 2000-ci il aprelin 5-də Ərçivanda,zəhmətkeş ailədə doğulub.İki bacının tək qardaşı,evin sonbeşiyidir.2018-ci ildə Ərçivan qəsəbə 2 saylı  tam orta məktəbi bitirdikdən sonra peşəkar idmançı olmaq arzusuna düşür.İdmanın güləş növü ilə məşğul olan ,zona və respublika yarışlarında fərqlənən Mirəli istəyinə nail ola bilmir.2019-cu il oktyabrın 24-də hərbi xidmətə çağırılır.N saylı hərbi hisədə topçu briqadasında qulluq edir.Vətən müharibəsi başlananda hərbi xidmətdə olan Mirəli döyüşlərdə iştirak edir.Topçuluğu yaxşı bacardığına görə müharibədə baş topçu vəzifəsini icra edir.Qanlı-qadalı həyəcan dolu günləri Mirəli beləcə xatırlayır:

-Döyüşlər zamanı baş topçu kimi üzərimə düşən vəzifəni yerinə yetirməyə məsuliyyət daşıyırdım.Döyüş başlanandan noyabrın 3-nə kimi Şuşanın alınmasında yaralanana qədər düşmənin 400 canlı qüvvəsini məhv etmiş ,idarə etdiyim topdan 20.000 mərmi atmışam.Komandirin əmrini icra etməklə nəzarətimdə olan topçulara dəstək olmaqla onları qoruyurdum.Bir dəfə acınacaqlı vəziyyət alındı.Topu işlədərkən birdən partladı.Düzdür,ətrafa səpələnən qəlpələrdən heç kimi ziyan görmədi,amma əsgər yoldaşlarıma nəsə olacağından çox qorxdum.Məlumdur ki,müharibə qurbansız ,itkisiz olmur.Çətin günlərdə(məsələn,14 gün Hadrutda gölün içində pusquda durmuşuq)Ali Baş Komandanın mübarizkar çıxışını dinləməklə daha da cəsurlaşır,qələbə əzmi ilə döyüşürdük.Əzizlərimlə tez-tez əlaqə yarada bilmirdim,onların necə üzüləcəyini anlasam da,fikrimdə yalnız mənfur düşməni torpaqlarımızdan sonadək qovmaq var idi.Axı biz ölməyə yox,öldürməyə getmişdik.Allaha şükür məqsədimiz həyata keçdi,qələbə qazandıq.Yaralanmağıma,bir barmağımı itirməyimə,yoldaşlarımın şəhid olmağına baxmayaraq sevincim hədsizdir.Axı Vətən müharibəsində çaldığımız zəfərdə mənim də payım olub.

Mirəli Əliyev təbiətən sakit olsa da döyüş xatirələrini danışarkən kükrəyən dənizi xatırladırdı.Yenicə ailə qurduğu Rəqsanəni ata-anasına tapşırıb hərbi xidmətə yola düşmüşdü.Müharibə başlanandqan gözləri yolda qalmış Rəqsanənin nələr çəkdiyini baxışlarından duyduq.Söhbətimizə qoşulmağını istəsək də,yalnız Mirəliyə baxıb gülümsədi.Bu isə gənc həyat yoldaşı ilə qürur duymaq anlamına gəlirdi.Mirəlinin atası Feyruz,anası Kamilə də vətənpərvər oğulları ilə fəxr edirlər.

Gülnar Əsədli,  Əfsun Ələskərli