Şair-publisist, ədəbi tənqidçi, filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Lənkəran Regional Mərkəzinin elmi katibi, Lənkəran Dövlət Universitetinin baş müəllimi Mehman Qaraxanoğlunun yeni çapdan çıxmış “Mirzə Cəlil yanğısı” kitabı oxucular tərəfindən böyük maraqla qarşılanıb.

Astarainfo.az  “Mücrü” nəşriyyatında nəşr olunan kitabın baş redaktoru akademik İsa Həbibbəyli, redaktoru Tehran Mustafayev, elmi redaktoru AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı Elxan Nəcəfov, rəyçilər akademik Muxtar İmanov və professor Təyyar Salamoğludur.

Bir əsrdən çoxdur ki, Cəlil Məmmədquluzadə yaradıcılığı müxtəlif aspektlərdən araşdırılır və dərindən tədqiq olunur. Sanki, bu sahədə artıq hər şey deyilib. Amma, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin Elmi katibi Mehman Qaraxanoğlunun “Mirzə Cəlil yanğısı” kitabını oxuyandan sonra bu fikrin heç də doğru olmadığı qənaətinə gəlirsən.

Müəllif böyük ədib Cəlil Məmmədquluzadənin qələmindən çıxan bir çox nümunələri hissi-emosional müstəvidə təhlilə cəlb edir, ilk əvvəl hər bir diskursun konseptual mənasını, semantik-semiotik qatını üzə çıxarmağa səy göstərir və əsas qayə müəyyən ediləndən sonra təhlil də məhz o istiqamətdə aparılır.

Mirzə Cəlilin “Poçt qutusu”, “Anamın kitabı”, “Danabaş kəndinin əhvalatları”, “Nigarançılıq” və digər əsərləri də həmin elmi-nəzəri modellə çağdaş Azərbaycan və dünya ədəbiyyatı kontekstində təhlil olunur. Göstərilir ki, Mirzə Cəlil irsi tragikomik XIX və aqressiv XX əsr totalitarizminin bütün bulanıq təzahürlərini, dəyişkən ruhunu göstərən bir barometrdir.

Müəllif mövcud elmi qənaətləri nəzərdən keçirərək, özünəməxsus yeni təhlil strategiyaları təklif edir. O, Cəlilşünaslıqda qəbul olunmuş hazır nəzəri standartlara da yeni baxış sərgiləyir. Bu zaman onun daha çox istinad etdiyi mənbə Cəlil Məmmədquluzadənin öz mətnləri olur.

Cəlil Məmmədquluzadə sağlığında haqsız təqib, tənqid və təhqirlərə məruz qalıb. Ona qarşı olan haqsızlıq dünyasını dəyişəndən sonra davam edib. Bu mənfi tendensiya bu gün də davam etdirilir. Kitabda Mirzə Cəlilə haqsız hücumlar edən bir neçə çağdaş yazarımıza elmi şəkildə əsaslandırılmış cavablar verilir.

Kitabda, həmçinin, Mirzə Cəlilin ən yaxın məsləkdaşlarından biri olan Əbdürrəhim bəy Haqverdiyev haqqında da üç məqalə verilib.

Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyev tədris planına uyğun olaraq “XX əsr Azərbaycan ədəbiyyatı” fənn proqramı çərçivəsində öyrənilir.

Bütün bunlar nəzərə alınaraq, Azərbaycan Dillər Universiteti Elmi Şurasının 11 noyabr 2020-ci il tarixli qərarına əsasən, astaralı tənqidçinin yeni kitabı dərs vəsaiti kimi təsdiq edilib.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.