İlham Əliyevin fəlsəfəsi – Bir portret haqqında düşüncələr

 

24 dekabr 1961-ci il – doğulduğu il və bürcün bu tarixdə dünyaya gələnlərdə təbiətin – hansı ki, ətrafımızda tamamən yerdən və göydən ulduzların düzülüşü, torpaq, su, hava və energetik harmoniyanın təbiətən bəxş etdiyi xarakterik xüsusiyyətlər insanların həyat yolunda-taleyində və şəxsi fəaliyyətində daim onu müşayiət edir. Çünki həmin tarix – il, ay, gün, saat, an onun bu dünyaya keçid kodudur. Həmin an təbiətin kosmik, energetik və bütün digər canlı təbii durumu insana nəsnələr verir və genetik keyfiyyətlərlə həmin günün təsirli əlamətləri insanın həyat portretinin ilk rənglərini yaradır. Bu gün şəxsi gündür.

Şuşanı işğaldan azad edən sərkərdə “Mən ona özüm qədər inanıram” deyən Ulu Öndərin ata vəsiyyətini yerinə yetirdi

XXI əsrin ən qanlı müharibəsinin ən qısa zamanda qalibi olan Azərbaycan dövlətinin, Azərbaycan xalqının və Milli Ordumuzun bir yumruq kimi birləşib müdrik sərkərdənin rəhbərliyi ilə göstərdiyi şücaət, qəhrəmanlıq haqqında hələ araşdırmalar davam edəcək. Hələ bu qələbənin nəticələrinin bu gün görünməyən tərəfləri zamanla regional və qlobal siyasi və geosiyasi proseslərdə yerinə oturduqca, Azərbaycan tarixində və gələcək inkişafında, Türk dünyasının inteqrasiyasında siyasi, geosiyasi, mənəvi və psixoloji rolu və təsiri müxtəlif aspektlərdən təhlil olunub araşdırıldıqca Azərbaycan Prezidentinin siyasi, hərbi və diplomatik ardıcıl məqsədli strateji konseptual fəaliyyəti akademik səviyyədə analiz olunacaqdır.

Ərazisinin bir hissəsi – 20%-i işğal altına düşmüş, xalqının vətəndaşlarının təxminən 12-13%-i qaçqın və məcburi köçkün vəziyyətinə düçar olmuş, dövlətçiliyi, müstəqilliyi itirilmək təhlükəsi ilə üz-üzə, iqtisadiyyatı dağılmış və iqtisadi potensialı, nizami ordusu olmayan Azərbaycanı dünyada siyasi nüfuza sahib, müzəffər güclü orduya, funksional, stabil inkişaf edən kifayət qədər iqtisadi potensiala, regional və qlobal söz sahibi olan müstəqil, qüdrətli, qalib dövlətə çevirmək sözsüz ki, ardıcıl strateji və düşünülmüş siyasətin nəticəsidir. Ölkəmiz bugünkü dünya gücləri arasında müstəqil siyasət yürütmək və seçim etmək, hətta yeni geosiyasi vəziyyət yaratmaq, Türkiyə, Qərb dövlətləri, Asiya və regional dövlətlərdə əməkdaşlıq, tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin strategiyasının dəqiq perspektiv plan üzrə inkişaf mərhələlərindən keçmiş və bu proses davam etməkdədir.

Cəmi 44 gün ərzində dünyanı heyrətə gətirən döyüş taktikası və texnikasının əsasında güclü və dayanıqlı iqtisadiyyatın nəticəsində əldə olunmuş yüksək texnoloji və intellektual hərbi potensiala malik vətənpərvər nizami milli ordunun yaradılması üçün xalqın sevgi, inam və birmənalı dəstəyini qazanmış lider amili çox vacib şərtlərdəndir. Ali Baş Komandan Prezident İlham Əliyev siyasi fəaliyyətində və karyerasında dürüst, xalqa açıq siyasət yürütdüyü üçün təkcə Azərbaycan xalqı arasında, cəmiyyətdə deyil beynəlxalq ictimai rəydə də nüfuz qazanmış, öz dəsti-xəttini yazmışdır. Məhz erməni əsgər analarının bütün dünyanın gözü qarşısında Prezident İlham Əliyevə müraciət etməsi özü çox böyük mənəvi-psixoloji faktordur.

“Resurs” Analitik İnformasiya Mərkəzi olaraq müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı Azərbaycan Prezidenti İlham Əliyevin siyasi portretini keçən ad günü hədiyyəsi kimi ictimaiyyətə təqdim etmişdik. Bu ad günündə isə Fateh Sərkərdə İlham Əliyev Şuşanı və digər torpaqlarımızı işğaldan azad edərək xalqa hədiyyə etdi – doğma vətən torpaqlarımızın azad olunmasını arzulayıb görə bilməyən azərbaycanlıların, vətən müharibəsində canından keçən bütün şəhidlərimizin ruhuna, bugünkü və gələcək nəsillərə Fateh Sərkərdə İlham Əliyevin layiqli hədiyyəsi oldu.

 

24 dekabr 1961-ci il – doğulduğu il və bürcün bu tarixdə dünyaya gələnlərdə təbiətin – hansı ki, ətrafımızda tamamən yerdən və göydən ulduzların düzülüşü, torpaq, su, hava və energetik harmoniyanın təbiətən bəxş etdiyi xarakterik xüsusiyyətlər insanların həyat yolunda-taleyində və şəxsi fəaliyyətində daim onu müşayiət edir. Çünki həmin tarix – il, ay, gün, saat, an onun bu dünyaya keçid kodudur. Həmin an təbiətin kosmik, energetik və bütün digər canlı təbii durumu insana nəsnələr verir və genetik keyfiyyətlərlə həmin günün təsirli əlamətləri insanın həyat portretinin ilk rənglərini yaradır. Bu gün şəxsi gündür.

Bu il gücü və zəhmətsevərliyi təmsil edir, irəliləməyə söz verir. Həmin ildə doğulanlar böyük səbrə malik, az danışan, ətrafındakı insanları səmimiliyə çağıran, öz işinin fanatlarıdır. Qapalı adam olsalar da hərdən gözəl natiqlik edirlər. Əldən zirək olduqlarına görə evi həmişə səliqəli qurulmuş olsa da tərsdirlər və uğursuzluğu xoşlamırlar. İşlərini görməyə mane olanları vurub yolundan atırlar. Həmin il torpaq ünsürlü oğlaq bürcü altında doğulanlar sözünün üstündə duran, qarşıya çıxan çətinliklərin çəkinmədən öhdəsindən gəlməyi bacaran, həyata real baxan, komfortu sevən, əliaçıq, səxavətli olsalar da pulun dəyərini bilən, onu harada necə xərcləməyi bacaran insanlardı. Onlarla ciddi mövzularda, fəlsəfi və ya maliyyə xəbərləri barədə söhbət etmək, onların gözəl yaddaşına və iti ağlına baxıb zövq almaq olar. İşgüzar oğlaqlarla birlikdə işləmək bir fərəhdir.

Vətənpərvərlik, patriotizm, yüksək ziyalılıq keyfiyyətləri ilə əhatə olunan məhəbbətdən doğulub, sevimli övlad kimi diqqət, qayğı, mərhəmət-sevgi, yüksək təlim-tərbiyə və təhsil mühitində böyüyüb formalaşmışdır. Valideynlərini daim insanların, müraciət edənlərin, ehtiyacı olanların köməyinə tələsdiyini görən övladın, bu hal sözsüz ki, xarakter və xüsusiyyətinə öz ciddi təsirini buraxmamış deyil. Vicdanlı, ləyaqətli, vətənpərvər, qorxubilməz, cəsarətli, ağıllı fenomenal şəxsiyyət Heydər Əliyevin zəhmətkeş, sədaqətli, qayğıkeş, ziyalı Zərifə xanımın ailəsində dünyaya gələn İlham Əliyev sanki zamanı qabaqlayaraq böyümüşdür.

Gənc prezident İlham Əliyevin 42 yaşında dünyanın ən mürəkkəb geosiyasi regionunda və 2003-cü ildə hələ sabitliyin, inkişafın qarantına çevrilmiş bir çox meqalayihələrin işə düşmədiyi, risk faizinin çox yüksək olduğu Azərbaycana rəhbərliyə seçilməsi və bütün məsuliyyəti öz üzərinə götürməsi nümunəsi təkcə talenin nəsibi deyil, şəxsiyyətin xarakter göstəricisidir. Heydər Əliyev və Zərifə xanımın ailəsində böyümək ən böyük həyat və siyasət akademiyasını keçmək deməkdir. Lakin onun portretinin zəngin cizgi və rəng çalarları keçdiyi həyat yolunda daha dolğun mükəmməl mərhələsini keçərək öz kamil formasını almışdır.

İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləmişdir.1991-1994-cü illərdə özəl biznes sahəsində çalışmışdır. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir.1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olmuşdur. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.

1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir. 1999-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur. 2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmişdir. 2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir. 2003-cü il 15 oktyabrda Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır. 2008-ci ildə yenidən prezident seçilmişdir. 2013-cü ildə üçüncü müddətə prezident seçilmişdir. .2018-ci ildə səslərin 86.03% -ni toplayaraq dördüncü müddətə Azərbaycan Respublikasının prezidenti seçilmiş və hazırda prezident vəzifəsini icra edir. O, keçdiyi həyat yolunda bütün dövrlərdə zamanın önündə olmuşdur.

Keçən əsrdə yaşamış Hind yoqa təlimçisi və filosofu Oshonun (Bhagwan Shree Rajneesh) belə bir fikri var ki, hər hansı nəticənin necəliyini dəyərləndirmək elmi yanaşmadır, səbəbini, yəni mövcud faktın niyəsini incələmək isə fəlsəfi yanaşmadır. Yəni fəlsəfədə sual edilir: “Bu niyə mövcuddur?”. Elm isə belə sual verir: “Bu necə mövcuddur?”.

İlham Əliyevin siyasi portret cizgiləri siyasi portretdən ştrixlər

Yaxud regionun inkişaf və sabitliyində İlham Əliyev xarizmasının rolu

İlham Əliyevin doğulub, böyüyüb, təlim-tərbiyə aldığı, şəxsiyyət kimi formalaşmasında müstəsna rol oynayan ailə mühiti, təhsili və eyni zamanda sağlam və geniş dünya görüşünün kamilləşməsində Ulu Öndərin genetik kodunun daşıyıcısı olmaqla bahəm, onun siyasi məktəbinin yetirməsi, yaxud da Heydər Əliyev siyasətinin ən yaxın izləyicisi və müşahidəçisi olması faktı siyasi portret cizgisində xüsusi iz buraxmış ştrixlərdəndir.

Hətta Heydər Əliyevin həyatının rəvan olmadığı dövrlərdə istər-istəməz böyük təzyiqi öz üzərində hiss edən oğul Əliyevin siyasi portret cizgilərində iz buraxan bu təzyiqlərə sinə gərmək qətiyyəti İlham Əliyevin xarakterik xüsusiyyətlərində öz əksini tapmışdır.

Mətinlik, əzmkarlıq, dözüm və iradə, Onun siyasi portretindəki xüsusi ştrix və yaxud ən böyük cizgi-səbirlə, təmkinlə Qalib Gəlmək əzmi və qəti iradə nümayişidir. O, başladığı istənilən layihədə öz qalibiyyətinə, uğurlu nəticəyə böyük inamla əmindir ki, bu da onun xarizmasını şərtləndirən ən vacib keyfiyyətlərdəndir.

İrsi xüsusiyyət və fitri istedadı, eyni zamanda təlim-tərbiyə, təhsili və keçdiyi heç də rəvan olmayan həyat yolu və böyük siyasi təcrübəsinin Onun siyasi portretində dərin iz buraxmış xarakterik xüsusiyyətlərinin formalaşmasına ciddi təsir göstərdiyi daha aydın görünür.

Azərbaycan tarixinin ən ciddi, həyati əhəmiyyətli, dönüş məqamı və dönüş mərhələsinin yaşandığı bir dövrdə bu qədim xalqa rəhbərlik, sərkərdəlik etmək missiyası nəsib olmuş İlham Əliyevin geniş analitik təfəkkürü-dərin zəkanın, formalaşdığı və yaşadığı zaman-dövran və mühitin, keçdiyi burulğanlarla zəngin olan siyasi-həyat təcrübəsinin məcmusudur. Onun keçmiş və müasir liderlərdən bir fərqliliyi də, bəlkə də haradasa müəyyən energetik-mistik qanunauyğunluq da var ki, sanki Uca yaradan oğul Əliyevi xarakterik olaraq müasir Azərbaycan coğrafiyası üçün görəvləndirmişdir.

O, ən böyük azərbaycanlı kimi ölkənin geosiyasi, mədəni-mənəvi əksliklərin və müxtəlif sivilizasiyaların kəsişməsində yerləşdiyi üçün geniş tolerant dünya görüşü ifadə etməyi bacaran nadir siyasətçilərdəndir.

O, xaraktercə islahatçıdır, yeniliklərin mənimsənilməsi və daha da modernləşdirilib tətbiq olunmasında daim təşəbbüskardır. Eyni zamanda, xüsusən milli-mənəvi, mədəni və əxlaqi, ənənəvi dəyərlərin qorunub saxlanılmasında mühafizəkardır və bu məsələlərdə konkret münasibət ifadə etməkdən çəkinmir.

Onda Şərqin uzaqgörən müdrikliyi, qərbin təmkinli, praqmatik soyuqqanlılığı, ancaq eyni zamanda qafqazlıların da mərdliyi və istiqanlılıq xüsusiyyətləri cəmləşmişdir. Azərbaycan liderinin 24.04.2014-cü ildə Praqada keçirilən dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə beynəlxalq tribunadan “Türkiyə burada yoxdur, biz burdayıq” deyə çıxış edərək Türkiyənin müdafiəsinə qalxması onun mərdliyi, ədaləti və qətiyyəti ifadə edən şəxsi keyfiyyətlərinin göstəricisi kimi xarakterizə olunur.

O, eyni zamanda əks qütblərdə, yaxud ziddiyyətli mövqelərdə dayanan qüvvələrlə açıq faydalı dialoq qurmaq istedadına malikdir. Çünki, O, dərin analitik təfəkkürlə hadisələrin və ya situasiyanın rasional analizini verərək, praqmatik yanaşma ilə müxtəlif mövqelərin proqressiv uzlaşma nöqtələrini tapmaq zəkasına və məntiqi yanaşma ilə inandırmaq bəlağətinə malikdir.

O, vaxtilə yaşadığı Kreml mühitini də, yüksək təhsil və geniş dünyagörüşü ilə qərb dünyasını da əla tanıyır və dünyagörüşü baxımından həm moskvalıdır, həm avropalıdır, həm də asiyalıdır.

Neft xoşbəxtlikdirmi?

Ərazisinin 20 %-nin işğal, əhalisinin 10%-nin məcburi köçkün halında yaşamaq məcburiyyətində qalma səbəbi müstəqilliyimizə təhdidlər fonunda Azərbaycan dövlətinin yerləşdiyi vacib strateji-geosiyasi mövqedə və neft ölkəsi olaraq tam müstəqil siyasət yürütməsi bugünkü dünyanın möcüzələrindəndir. Azərbaycanın vəziyyətində olan və Azərbaycan böyüklüyündə ikinci bir ölkə yoxdur ki, müstəqil siyasət həyata keçirə bilə, həm də müsəlman ölkəsi olaraq.

“Əsrin müqaviləsi” neft kontraktlarının imzalanması böyük çətinliklərdən keçmiş, dövlət çevrilişlərinə cəhdlər, hətta sui-qəsd cəhdləri və nəhayət adı çəkilən layihənin fəaliyyətə başlaması və s. barədə mətbuatda, ictimaiyyətdə geniş məlumatlar olduğu üçün məsələyə daha çox başqa tərəfdən baxmağa çalışacağıq. Onu da yeri gəlmişkən qeyd etməyi vacib hesab edirik ki, XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin 2006-cı il iyul ayının 13-də təntənəli açılış mərasimindən sonra Azərbaycan dövlətinin həyata keçirdiyi həm daxili, həm regional, sosial-iqtisadi, humanitar-mədəni layihələr baxımından, çevik, ardıcıl, sabit, sürətli və perspektiv nəticələrə hesablanmış konseptual siyasəti təhlil predmetidir.

Xəzərin Azərbaycan sektorunda neft və qaz ehtiyatlarının istismarı ildən-ilə genişlənir və bunun nəticəsində Azərbaycan özünün enerji təhlükəsizliyini tam şəkildə təmin etmişdir. Dünyanın enerji təminatında ölkəmizin xüsusi çəkisi və strateji əhəmiyyəti daha da yüksəlir. Eyni zamanda, “Şahdəniz” yatağında qazın istismarının genişlənməsi ilə əlaqədar Azərbaycan özünün daxili tələbatını tam ödəməklə bərabər, bu mavi yanacaq növünün beynəlxalq bazarlara ixrac etmək imkanını əldə etmişdir. 2007-ci il iyul ayının 3-də Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil oldu. Qaz nəqliyyat infrastrukturunun, xüsusilə də Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin fəaliyyəti sayəsində Azərbaycan qərbin mühüm qaz ixracatçısına və qlobal enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilmişdir. Neft strategiyasının mühüm tərkib hissəsini xarici şirkətlərlə birlikdə hasil olunan neftin və qazın iri həcmli nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edilmişdir. Belə ki, neft strategiyasının həyata keçirilməsinin ilk illərində ilk növbədə Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri yenidən quruldu. Yuxarıda qeyd olunan və mövcud olan layihələrin fəaliyyət göstərməsi və bu kəmərlər ilə neft və qazın nəqlinin ildən-ilə genişlənməsi neft strategiyasının mühüm qələbəsi kimi qəbul edilir. Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizinin fəaliyyəti sayəsində Azərbaycan neftinin beynəlxalq bazarlara genişmiqyaslı nəqli və ölkədə çoxvariantlı ixrac strategiyasının həyata keçirilməsi üçün əlverişli imkan yarandı, eyni zamanda ölkənin tranzit potensialı bir neçə dəfə artdı. Dünya ölkələri xüsusilə Avropa İttifaqına üzv ölkələrlə birbaşa nəqliyyat əlaqələri genişlənmiş, Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəməri dünyada enerji təhlükəsizliyinin təmin olunmasına layiqli töhfələr vermişdir. 2012-ci ildə “Şahdəniz-2” layihəsi üzrə Trans-Anadolu qaz boru kəmərinin (TANAP) tikintisi ilə bağlı razılıq əldə edildi. Layihə çərçivəsində hasil olunacaq qazın uzunmüddətli sazişlər əsasında Avropa İttifaqı ölkələrinə ixrac edilməsi üçün mühüm addımlar atıldı, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz boru kəmərlərinin inşasına dair sazişlər imzalandı. 2018-ci ildə istismara verilən TANAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olaraq kəmərin bu qabiliyyətinin 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. 2013-cü ilin iyul ayının 28-də “Şahdəniz” konsersiumu “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq qazın Yunanıstan, İtaliya və Cənub Şərqi Avropadakı istehlakçılara çatdırılması üçün Trans-Adriatik qaz boru kəmərinin seçildiyini elan etdi. Uzunluğu 870 km olan və ilkin olaraq, 5.2 milyard ABŞ dolları məbləğində qiymətləndirilən TAP layihəsi Cənubi Qafqaz qaz kəmərinin (BTƏ) və Trans-Anadolu qaz kəmərinin davamıdır. Bu boru kəməri “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. 2014-cü sentyabr ayının 20-də isə Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasim keçirildi. Mərasimdən sonra təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilən “Cənub” Selim rayonunda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri TANAP-ın təməlini qoydular. TANAP Yunanıstan sərhədinədək uzanacaq. “Əsrin müqaviləsi” ilə əsası qoyulmuş milli neft strategiyasının uğurlarının nəticəsi olaraq, Azərbaycanın regionun lider dövləti, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaranmışdır.

Regionun ümumi inkişafında hətta perspektiv planda orta Asiya regionuna daxil olan ölkələrin və Avropanın enerji ixracı, enerji təminatı və enerji təhlükəsizliyi layihələrində birbaşa və bilavasitə təşəbbüskar və aparıcı rol oynayan Azərbaycan dövlətinin gücü artdıqca beynəlxalq nüfuzunun da yüksəldiyini müşahidə edirik ki, o da öz növbəsində müstəqilliyimizin dönməzliyini, dövlət siyasətinin yalnız milli maraqlar üzərində qurulmasını inamla möhkəmləndirir.

Keçən dövrün təhlili göstərir ki, Azərbaycan dövləti tərəfindən yaranmış əlverişli şəraitdə çox səmərəli ardıcıl kompleks tədbirlər həyata keçirib.

Yollar mədəniyyətləri birləşdirir

Prezident İlham Əliyev tərəfindən imzalanan və vaxtında istismara verilən həm beynəlxalq avtomagistralların, həm daxili avtomobil yollarının yüksək standarta uyğun şəkildə əsaslı təmiri və bir çox hallarda yeni avtomobil yollarının tikilib istismara qəbul edilməsi trayektoriyası və xronologiyası məsələnin planlı şəkildə hansı ardıcıllıqla həyata keçirildiyinin əyani göstəricisidir. Məsələn: Azərbaycan Prezidentinin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” çərçivəsində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi, Bakı-Şamaxı-Yevlax, Xocasən-Lökbatan-Yevlax-Gəncə, Gəncə-Qazax-Gürcüstan dövlət sərhədinədək avtomobil yolları yenidən qurulmuşdur. Bundan başqa, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci, həmçinin 2008-2013-cü illər üçün tədbirlər planlarına müvafiq olaraq, paytaxtda 26 yol qovşağı, körpü və 88 piyada keçidi tikilmiş, paytaxtətrafı kənd və qəsəbələrin inkişafını nəzərdə tutan yolların yenidən qurulması işləri aparılmışdır.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 28 dekabr 2015-ci il tarixli sərəncamı yol təsərrüfatında yeni dövrün başlanması kimi xarakterizə olunmalıdır. Bu sərəncamın imzalandığı vaxtdan keçən qısa dövr ərzində 4.1 milyon nəfər əhalinin yaşadığı və 1318 yaşayış məntəqəsini birləşdirən uzunluğu 3438.2 km olan avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri başa çatdırılmışdır. Ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 29 yeni körpü və 19 piyada keçidi tikilmişdir. Paytaxtda görülən işlərdən danışarkən, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçidin və müxtəlif səviyyəli yol qovşağının inşasını da xüsusi vurğulamaq lazımdır.

Qeyd edilənlərlə bərabər, 2016-cı ildə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax mənzilinin 115 km hissəsi açılmış, Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun Yenikənd-Salyan rayonun ərazisindən keçən 23.4 km hissəsi istifadəyə verilmişdir. Çoxdan gözlənilən Kür çayı üzərində uzunluğu 201 m, eni 14.5 m olan yeni körpünün açılışı olmuşdur. Eyni zamanda, 87.8 km olan Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax hissəsi istismara buraxılmışdır.

Ötən il, eyni zamanda, “40 kənd yolu” layihəsinin icrası çərçivəsində mühüm işlər görülmüşdür. Regionların sosial-iqtisadi inkişafına mühüm təsir göstərən bu layihənin gerçəkləşdirilməsinin kənd yollarının tikintisinə və yenidən qurulmasına yönəldilməsi xüsusi əhəmiyyət kəsb etmişdir. Layihə çərçivəsində respublikanın 34 rayonunda 1 milyon 400 min nəfər əhalinin yaşadığı 423 yaşayış məntəqəsini birləşdirən 52 kəndlərarası və Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihəsi, həmçinin 14 respublika əhəmiyyətli layihənin icrası uğurla reallaşdırılmışdır. Yol infrastrukturunun inkişafına xüsusi diqqət ayıran Prezident İlham Əliyev demək olar ki, bütün yolların çəkilişində və istifadəyə verilməsində şəxsən iştirak etmişdir.

Əsası 2004-cü ildə qoyulan bu layihələr əslində şimal-cənub və şərq-qərb tranzit nəqliyyat qovşağının perspektiv strateji inkişaf proqramının mühüm hissəsi kimi artıq böyük regional proyektin tərkib hissəsinə çevrilmişdir.

Eyni zamanda Prezident İlham Əliyevin təşəbbüsü ilə Avropa və Asiyanı birləşdirən şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülmüşdür. Təməli 2007-ci ildə qoyulmuş, uzunluğu 826 km olan Bakı-Tbilisi-Qars dəmir yolunun 2017-ci il oktyabr ayının 30-da Bakıda rəsmi açılışı olmuşdur. Bununla yanaşı 20 aprel 2016-cı ildə şimal-cənub beynəlxalq nəqliyyat dəhlizinin genişlənməsi istiqamətində ikitərəfli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, Azərbaycan tərəfi İran sərhədində bir dəmir yol körpüsünün və uzunluğu 8.3 km olan (İran-Astara) birxətli dəmir yolu qovşağının tikintisini həyata keçirmişdir. Bununla da Azərbaycan siyasi-iqtisadi və strateji baxımdan böyük əhəmiyyətə malik həmin beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak etməklə Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilmişdir.

Cənab Prezidentin təşəbbüsü ilə Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanı olan Ələt dəniz ticarət limanının təməli 2007-ci ildə atılmış və 2017-ci ildə fəaliyyətə başlamışdır. Bununla paralel olaraq 2011-ci ilin mart ayında Heydər Əliyev Adına Beynəlxalq Aeroportun yenidən qurulması ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalamış, tikinti işləri sürətlə həyata keçirilərək 2014-cü ilin mart ayın 17-si yeni aeroportun inşası başa çatmış və Bakının Heydər Əliyev Beynəlxalq hava limanı dünyanın beşulduzlu 9 əsas hava limanı sırasına daxil olmuşdur. Həmçinin Azərbaycanda 7 aeroport tamamilə yenidən qurularaq istifadəyə verilmişdir ki, onlardan 6-sı (Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ, Zaqatala) beynəlxalq hava limanı statusu almışdır.

Dünya Azərbaycanı yeni rakursdan tanıyır

Azərbaycan Respublikasının Avropa və Asiya qitələri arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsinin xarici ölkələrdən asılılığını, iqtisadi və informasiya təhlükəsizliyinin əsas kompenentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanı regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Azərbaycanda yüksək texnologiyaların tətbiq olunmasına və ölkədə kosmik sənayenin yaradılmasına təkan verilməsi məqsədilə, “Azərbaycan Respublikasında Kosmik sahənin yaradılması və Telekommunikasiya Peykərinin orbitə çıxarılması haqqında” Prezident İlham Əliyevin 2008-ci il 04 noyabr tarixli sərəncamında Kosmik Sənayenin yaradılması və inkişafına dair Dövlət Proqramının hazırlanması nəzərdə tutulur.

Dövlətin iqtisadi və hərbi gücünün inkişafı zərurəti kosmik tədqiqatlar sahəsində fundamental elmi biliklərin genişləndirilməsini tələb edir. Kosmik fəzanın fəth edilməsi iqtisadiyyatın və milli təhlükəsizliyin səviyyəsini müəyyənləşdirən amillərdəndir. Aerokosmik fəzada yerləşdirilmiş cihazlar və komplekslər öyrənilən obyektlər haqqında genişmiqyaslı və keyfiyyətcə yeni olan məlumatları operativ şəkildə əldə etməyi, aerokosmik laboratoriyalar isə komponentlərin, dünya okeanının, planetlərin və digər xüsusi obyektlərin öyrənilməsinə geniş imkanlar yaradır.

Prezident İlham Əliyev tərəfindən 15 fevral 2011-ci ildə xüsusi sərəncamla 2011-ci ili Turizm ili elan etdi və Azərbaycanın həm daxili avtomobil yollarının, beynəlxalq aeroportların eyni zamanda otelçilik və xidmət sahələrini əhatə edən yeni turizm infrastrukturunun əsası qoyuldu. Turizm infrastrukturunun yaradılması və eyni zamanda ölkəmizin tanıdılması xarici turistlərin cəlb olunması məqsədilə müxtəlif istiqamətlərdə işlər həyata keçirilmişdir ki, bu baxımdan “Evrovision 2012” mahnı müsabiqəsinin Bakıda keçirilməsi çox əlamətdar hadisə kimi qiymətləndirilir.

Dövlət başçısının xüsusi diqqət ayırdığı prioritet sahələrdən biri də cəmiyyətin sağlam inkişafını şərtləndirən insanlarda əzmkarlığı və iradəni formalaşdıran, fiziki sağlamlığı və sağlam rəqabəti stimullaşdırıb tərənnüm edən bədən tərbiyəsi və idman sahəsidir ki, Azərbaycan dövlətinin bu sahədə sistemli olaraq həyata keçirdiyi layihələr paketi nəticəsində ölkədə idman və bədən tərbiyəsi sürətli inkişaf prosesi keçmiş, böyük uğurlar əldə edilmişdir. Bakıda və bölgələrdə 43 Olimpiya İdman Kompleksi, xeyli sayda idman qurğuları, stadionlar və digər idman meydançaları tikilib istifadəyə verilmiş, mövcud idman obyektləri yenidən qurulmuşdur. Azərbaycan idmançıları ildən ilə öz nəticələrini yaxşılaşdırır, yüksək nailiyyətlər əldə edirlər. İdmançılarımız 2004-cü il Afina Olimpiadasında 5 medal (1 qızıl, 4 bürünc), 2008-ci il Pekin Olimpiadasında 6 medal (1 qızıl, 1 gümüş və 4 bürünc), 2012-ci il London Olimpiadasında 10 medal (2 qizil,2 gümüş,6 bürünc), 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunlarında isə 18 medal (1 qızıl, 7 gümüş, 10 bürünc) qazanmışlar. Sonuncu Olimpiya oyunlarında qazanılmış medalların sayına görə Azərbaycan dünyada 14-cü, Avropada 7-ci, MDB ölkələri arasında 2-ci müsəlman aləmində isə 1-ci olmuşdur.

2015-ci ildə Azərbaycan tarixində ilk dəfə keçirilən Avropa oyunlarına ev sahibliyi etmişdir. 50 ölkəni təmsil edən 6000 idmançının iştirak etdiyi oyunlarda ümumi hesabda 2-ci yer tutmuşdur, 21-i qızıl olmaqla 56 medal qazanmışdır. 2017-ci ilin mayında Bakıda keçirilmiş IV İslam Həmrəylik oyunlarında isə Azərbaycan kamanda hesabında 1-ci yerə çıxmışdır. 2016-cı ildən etibarən Bakıda hər il ümumi auditoriyası 500 milyon nəfərdən çox olan “Formula 1” yarışları təşkil edilir.

Aqrar islahatlar

Cənab Prezidentin aqrar sektorda da keçirdiyi islahatlar, kənd təsərrüfatı məhsulları istehsalçılarına edilən güzəşt və yardımlar ölkə iqtisadiyyatında bu sahənin ardıcıl inkişafına zəmin yaradılması məqsədilə 2003-2008-ci illərdə meliorasiya tədbirlərinin həyata keçirilməsi üçün bir sıra imzaladığı sərəncamlarını qeyd etmək zəruridir. Ölkədə iri su anbarları, 4 min kilometrlik suvarma kanalları, 2,4 min kilometr kollektor-drenaj şəbəkələri tikilmiş və bərpa olunmuş, 360 min hektar torpağın su təminatı və digər meliorativ tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 19.12.2019-cu il tarixdə fərman imzalamışdır ki, bu fərmanla da ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüş, kənd təsərrüfatı istehsal vasitələri bazarında rəqabətyönlü fəaliyyətin təmin edilməsi, fermerlərə güzəştli şərtlərlə aqrotexniki xidmətlər istiqamətində mühüm işlər görülmüş, fermerlərə güzəştli şərtlərlə aqrotexniki xidmətlər göstərilməsi, həmçinin heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Regionda Azərbaycan faktoru

Əlbəttə, bütün bu layihələrin həyata keçirilməsi və uğurlu nəticəsi Prezident İlham Əliyevin cəsarətli, çevik, uzaqgörən praqmatik siyasət yürütmək bacarığı və uğurlu qələbə əzmi, iradə və qətiyyəti ehtiva edən şəxsi keyfiyyətlərinin təzahürü inikasıdır ki, bu da təkcə Azərbaycan xalqının bu günü və gələcəyinin deyil, regionun ümumi inkişafını şərtləndirən perspektiv plan üzərində qurulmuş siyasətinin nəticəsidir. Azərbaycan dövlətinin və şəxsən İlham Əliyevin, liderliyi ilə, yaşadığımız əsrin əvvəlində regionda həyata keçirilən regional və beynəlxalq layihələr və meqalayihələr hazırda və perspektiv planda böyük bir regionun təhlükəsiz, inteqrativ iqtisadi inkişafını sürətləndirməklə bərabər Azərbaycanın beynəlxalq siyasi çəkisini artırır. Sözsüz ki, dövlətin və ölkənin iqtisadi gücü, siyasi çəkisi və nüfuzu yüksəldikcə hərbi qüdrəti də durmadan inkişaf edərək, həm şəxsi heyətin fiziki, mənəvi-psixoloji, həm peşəkarlıq səviyyəsi, həm də ən müasir texniki və hərbi təchizatı daim inkişaf edərək ən yüksək həddə saxlanılır. Bir faktı qeyd etməklə bu sahənin necə dinamik, çevik və hazırlıqlı olduğuna diqqət çəkmək olar ki, 2018-ci il ərzində müxtəlif vaxtlarda iki dəfə hərbi parad keçirilmişdir.

Neft xoşbəxtlikdirmi sualına yenidən döndükdə, düzgün yürüdülməyən neft siyasətinin Holland sindromuna və yaxud müasir dünyada Venesuela nümunəsinə tarix şahidlik edir. Bu gün istər Afrikada, Asiyada demək olar ki, bütün neft ölkələri müxtəlif təzyiqlər altında inləyirlər. Azərbaycanda isə neft kapitalının qeyri-neft sektorunun inkişafına transmissiyası prosesi çox uğurla həyata keçirilməklə yanaşı, eyni zamanda paralel olaraq neft kapitalının insan kapitalına çevrilməsi prosesi də diqqətlə həyata keçirilir.

Azərbaycan dövlətinin ən qiymətli sərvəti onun vətəndaşıdır

Həyata keçirilən bir çox sosial layihələr və bu sahəyə davamlı dövlət investisiya yatırımları vətəndaşların sosial şəraitinin yüksəldilməsi, yaşam tərzinin yaxşılaşdırılması ilə yanaşı, cəmiyyətin mədəni-intellektual səviyyəsinin daha da inkişafına hesablanmış konseptual dövlət siyasətidir.

Bu baxımdan Prezident İlham Əliyevin Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının təsdiqlənməsi barədə 2013-cü il 24 oktyabr tarixli Sərəncamı böyük əhəmiyyətə malikdir. Sərəncamda dövlətimizin inkişaf konsepsiyasına uyğun olaraq, strategiyamızda davamlı, dayanıqlı və rəqabət qabiliyyətli inkişafı təmin edən, insan kapitalının inkişafına önəm verən, insan resurslarının yetişdirilməsini və idarə edilməsini gerçəkləşdirən müasir təhsil sisteminin yaradılması ön plana çəkilir. Eyni zamanda, bu konseptual sənəddə ölkəmizdə beynəlxalq standartlara cavab verən təhsil sisteminin inkişaf istiqamətləri, başlıca hədəfləri dəqiq müəyyənləşdirib, təhsil işçiləri qarşısında yeni, məsul vəzifələr qoyulub. Prezident İlham Əliyev bu məsələyə böyük önəm verərək qeyd edir: “Əlbəttə, qarşımızda duran bütün vəzifələri gerçəkləşdirməyə nail olmaq üçün bizə ilk növbədə, peşəkarlar lazımdır. Bütün sahələrdə peşəkarlar lazımdır. Hansısa mühüm bir istiqamətə peşəkar kadr gələn kimi, biz o saat müsbət dinamika görürük. Müasir dünyada ölkənin uğurunu biliklər, elm, texnologiyalar və təhsil müəyyən edir…”.

Lideri xalqa sevdirən ən vacib və üstün keyfiyyətlərindən biri şəxsiyyətin insanlar, cəmiyyət və xalqın qarşısında sözü ilə əməlinin vəhdətin nümayiş etdirməsidir. Bu baxımdan xalqın seçdiyi lider bütün digər xarizmatik keyfiyyətləri ilə bərabər xalq qarşısında verdiyi söz və götürdüyü öhdəliklərə sədaqəti ilə özünün ən yüksək insani keyfiyyət olan sadiqlik və sədaqət, həqiqət və ədalət xarakterik xüsusiyyətlərini nümayiş etdirir.

Yeri gəlmişkən Azərbaycanlı gənclərin xaricdə təhsil alması ilə əlaqədar gənclərimizlə görüşdə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib: “Əgər biz gənclərə və təhsilə böyük diqqət ayırmasaydıq, bu, mümkün olmazdı. Mən həmişə deyirəm ki, İlham Heydər oğlu bizim aramızda ən ziyalı və savadlı Prezidentdir və o bu məsələyə böyük diqqət yetirir. Görünür, bu səbəbdən o, dünyada normal təhsil olan yerlərə Azərbaycan gənclərini göndərməyə çalışır. Gənclər də əlbəttə, yeni texnologiyaları buraya, öz vətənlərinə gətirəcəklər, onlar yüksək bilikli adamlar olacaqlar. Bu gün bizdə 150 azərbaycanlı tələbə təhsil alır. Onlar bizim üçün heç bir problem yaratmırlar. Ağıllı, sakit gənclərdir, normal təhsil almağa çalışırlar. Bax, bu mütəxəssislər hər il Azərbaycanın iqtisadiyyatına cəlb edilir və sanballı nəticə verirlər. Bunlar olmasa, təhsil olmasa – bilirəm ki, texniki peşə təhsili üzrə də yeni layihələr vardır – normal əməkdaşlıq mümkün deyildir”.

O, xalqla həmişə açıq, səmimi təmas qurmağı bacarır və bu bir çox liderin ən böyük arzusudur desək yanılmarıq

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası İlham Əliyevin ölkənin gələcək inkişafı məqsədilə göstərdiyi əsas strateji təşəbbüslərdən biri kimi qəbul olunur. Bu konsepsiyanın hazırlanması barədə müvafiq Sərəncam 29 noyabr 2011-ci ildə qəbul olundu və 29 dekabr 2012-ci ildə isə qəbul olunmuş Fərmanla konsepsiya təsdiq olundu. Konsepsiya 2020-ci ilə qədər iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı və ictimai rifahın artırılması üçün tədbirlər və fəaliyyətlər nəzərdə tutur. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi haqqında Azərbaycanın könüllü məruzəsinin qiymətləndirilməsində İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası uzunmüddətli milli istəkləri, sərmayəçilər üçün imkanları və bu məqsədlər barəsində əsas məsələləri əks etdirən strategiya kimi təsvir olunmuşdur. Eyni yanaşma 2015-ci il Dünya İqtisadi Forumu üçün hazırlanmış və Xarici Siyasət jurnalında nəşr olunmuş Məruzədə də qeyd olunmuşdur. İqtisadi sahədə ixtisaslaşmış “The Business Year” jurnalı İlham Əliyev tərəfindən təşəbbüs edilən konsepsiyanı Azərbaycanın milli iqtisadi maraqlarını qorumaq məqsədilə hazırlanmış ağıllı strategiya kimi qiymətləndirdi.

1993-cü ildə Azərbaycanın xilasına tələsən Ulu Öndər Müstəqil Azərbaycan dövlətini qurdu və öz siyasi varisinə əmanət etdi. 42 yaşlı Prezident İlham Əliyevin seçimi yox idi. Ulu öndər onu Azərbaycan xalqına bağışlamışdı, həyatı boyu bu xalqa xidmət etməkdən başqa seçimi də yox idi və gərgin əziyyət, zəhmət bahasına- müstəqilliyin möhkəmlənməsi, dövlətin qüdrətlənməsi yolunda Azərbaycan dövləti 16 ildə yarım əsr irəlilədi, indi isə geriyə yol yoxdur…

Ulu öndərin yolunu davam etdirən İlham Əliyev şəxsiyyəti Azərbaycan tarixində Ulu Öndərdən fərqli olaraq gənc yaşda həm Azərbaycanın keçən bütün tarixində dünyada tanınan qüdrətli dövlət kimi tarixə düşməsinə, həm də Ulu Öndərin irsinin, ideyalarının və siyasi yolunun uğurla davam etdirilməsi ilə Heydər Əliyev fenomenal şəxsiyyətinin adının tarixə qızıl hərflərlə yazılmasının məsuliyyətini üzərinə götürdü.

İlham Əliyev rasional düşüncəli praqmatik baxışlı, optimist və realist siyasətçidir. Prinsipial, səbirli və qətiyyətlidir. Bəlli hədəfə atəş açmağın zamanını dəqiq bilən peşəkardır.

Onun həyat yolu və tarixi missiyası daim Azərbaycan xalqı ilə sıx bağlı olub və hələ Azərbaycan tarixinə qızıl hərflərlə uğurlar, nailiyyətlər və zəfərlər yazdırmaq imkanını Uca Tanrı artıq müdrik dövlət xadimi İlham Əliyevə nəsib edib.

Yolunuz açıq olsun cənab Ali Baş Komandan!

Böyük ingilis siyasətçisi və dövlət xadimi Uinston Çörçill demişdir: “Dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir”.

“Dünyaya gələn insanlar nə üçün gəldiyini bilmirlər, çünki onlar özləri bu dünyaya könüllü olaraq gəlməyiblər, lakin öz tarixlərini yazmaqda, yolayrıclarındakı seçimlərində müstəqildirlər, yoxsa imtahan olmazdı ki… Hər kəs öz portretini yaradıb altına öz imzasını atır”.

“Resurs” Analitik İnformasiya Mərkəzi İctimai Birliyi