Dekabrın 25-də Astara şəhərinin Həzi Aslanov küçəsində inşa edilmiş 36 mənzilli, dördmərtəbəli yeni yaşayış binası istifadəyə verilib.

Astarainfo.az  xəbər verir ki, “Astara rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2019-cu il rarixli Sərənsamına əsasən inşa edilmiş yeni yaşayış binasında sakinləri rahatlığı üçün hər cür şərait yaradılıb.

“Elnur-2” UİKŞ tikinti şirkəti tərəfindən ötən ilin sonlarında inşasına başlanılan yaşayış binasında mənzillərin 16-sı ikiotaqlı, 12-si üçotaqlı, 8-i isə birotaqlıdır. Mənzillər içməli su, təbii qaz istilik sistemi ilə təmin olunublar.

Yeni yaşayış binasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev sakinləri əlamətdar hadisə və qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək bildirib ki, bu günlər Azərbaycan xalqı sevinc dolu günlər yaşayır.

Diqqətə çatdırılıb ki, 44 gün davam edən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin-Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan LİDER kimi mübarizlik rəmzinə çevrildi.

Vətən müharibəsində astaralı döyüşçülərin də qəhrəmalıqlar göstərdiyini vurğulayan rayon rəhbəri, düşmənlə savaşda şəhid olanlara rəhmət, yaralılara isə şəfa diləyib.

Yeni mənzil alanlar mərasimdə çıxış edərək soyuq qış günündə və əlamətdar bayramlar ərəfəsində onlara ərmağan edilən bu gözəl töhfəyə görə xalqımıza Böyük Qələbə sevincini yaşadan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ninnətdarlıqlarını biıldiriblər.

Təbriz Baxşıyev(mənzil sahibi):

“Ovala kənd sakiniyəm.Bizim evimiz də sürüşmə nəticəsində yararsız vəziyyətə düşmüşdü.Bizi bu yeni binada 3 otaqlı mənzillə təmin etdilər.Ailəmiz adından Cənab prezidentə və Mehriban xanıma təşəkkürümü bildirirəm.”

Tədbir iştirakçıları yeni yaşayış binasında mənzillərdə yaradılan şəraitlə tanış olublar.