Son günlər Astara rayonuna yağan aramsız yağışlar səbəbindən rayonun Taxtanəkəran kəndində torpaq sürüşməsi baş verib.

Astarainfo.az  xəbər verir ki, axşam saatlarında baş verən torpaq sürüşmə nəticəsində Taxtanəkəran kənd sakini Teymur Ağayevə məxsus fərdi təsərrüfatda sitrus bağlarına ciddi ziyan dəyib. Onlarla naringi və limon ağacı torpaq altında qalıb, bəziləri isə aşıb.

Dəfələrlə oxşar problemlə qarşılaşan Teymur Ağayev əvvəllər öz vəsaiti hesabına ona dəymiş ziyanın müəyyən qədərini aradan qaldıra bilib. Lakin, indi torpaq qatı evin divarlarına kimi yaxınlaşıb və növbəti dəfə yağıntılar evi qəzalı vəziyyətə sala bilər.

Kənd icra nümayəndəliyindən verilən məlumata görə, təbii fəlakətlə bağlı aidiyyəti orqanlara məlumat verilib və lazımi köməyin göstərilməsi istiqamətində iş görülür.