Astara rayon Heydər Əliyev Mərkəzinin, Lənkəran Regional Mədəniyyət İdarəsinin Astara rayon nümayəndəliyinin, Astara rayon Mədəniyyət Mərkəzinin, Astara rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Astara şəhər 1 nömrəli tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” mövzusunda videokonfrans keçirilib.

Astarainfo.az xəbər verir ki, onlayn tədbirdə çıxış edən Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova ulu öndər Heydər Əliyеvin varisi haqqında dediyi sözləri bir daha yada salıb: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Qeyd olunub ki, ata vəsiyyətini yerinə yetirən qüdrətli sərkərdə noyabrın 8-də, Şuşa şəhəri işğaldan azad olunan gün Fəxri xiyabana gedərək ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Həmin gün Azərbaycan Prezidentinin Şəhidlər xiyabanından xalqa etdiyi müraciətindəki bu sözlər qəlbləri riqqətə gətirdi: …Xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!

Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsi Qarabağın 30 illik qara taleyini dəyişdi, bir milyon insanın üzərindən məcburi köçkün adını sildi.

Videokonfransda mövzu ilə bağlı Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndəsi Şadoğlan Bayramov, Rayon Mədəniyyət Mərkəzinin direktoru Hacıbala Ramazanov, Astara Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi İlyas Məmmədov, Astara şəhər 1 nömrəli tam orta məktəbin direktoru Xədicə Əliyeva, məktəbin XI sinif şagirdləri Fatimə Həmidzadə və Fatimə Muradova çıxış ediblər.