Ölkəmizin diaspor siyasətinə böyük töhfələr verən diaspor təşkilatları və fəalları mükafatlandırılıb. Bu il 30 ölkədə yaşayan 92 nəfər “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub.

Astarainfo.az  xəbər verir ki, “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunanlar arasında Misirdə yaşayan, “Vətənpərvər” Azərbaycan-Misir Diaspor Təşkilatları Birliyinin sədri, astaralı tədqiqatçı-alim Seymur Nəsirov da var.

Tədqiqatçı-alim Seymur Rahim oğlu Nəsirov 1976-cı ildə Astara rayonunun Şüvi kəndində anadan olub. O, 1994-cü ildə Şüvi kənd tam orta məktəbini, 1998-ci ildə Bakı İslam Universitetini, 2002-ci ildə isə Əl-Əzhər Universitetinin İslamşünaslıq və ərəb dili fakültəsini bitirib. Təhsilini 2006-cı ildə Misir Fətva İdarəsində davam etdirən Seymur Nəsirov 2011-ci ildə Qahirədə Açıq Amerika Universitetində ərəb dili və ədəbiyyatı ixtisası üzrə magistratura təhsilini fərqlənmə ilə başa vurub. Həmyerlimizin dissertasiya işi Azərbaycanda ərəb dili və ədəbiyyatının öyrənilmə tarixinin tədqiqi olub. 2020-ci ildə bu universitetdə ərəb dili və ədəbiyyatı ixtisası üzrə doktorluq təhsilini fərqlənmə ilə başa vuran ərəbşünas alimlin tədqiqat mövzusu “Ərəb elminə xidmətdə azərbaycanlı alimlərin səyləri” olub.

S.Nəsirov 2003-cü ildən xarici ölkələrdən Misirdə təhsil almaq üçün gələn tələbələrə rəhbərlik edir. O, 2007-ci ildə “İrsi canlandırma və yerli inkişaf üzrə Halqa Fondunun təsisçilərindən biri və baş direktoru, 2008-ci ildə “Qavafil əl-Xeyr və əl-Əməl” xeyriyyə cəmiyyətində xarici tələbələrin işi üzrə baş rəhbəri vəzifələrində çalışıb, 2011-ci ildən isə Misir əl-Xeyr Fondunun xarici tələbələrin işi üzrə baş rəhbəridir. 2017-ci ildən Qahirə Universitetinin ədəbiyyat fakültəsində Azərbaycan dili müəllimi və həmini il təsis etdiyi “Vətənpərvər” Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədridir. Həmçinin 2019-cu ildən təşəbbüskarı və təsisçilərindən biri olduğu “Misir-Azərbaycan Dostluq Cəmiyyətinin” sədridir.

Seymur Nəsirov hər il yüzdən çox tələbəyə Azərbaycan dilini tədris edir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli Fərmanı ilə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif etmək səlahiyyəti Diasporla İş üzrə Dövlət Komitəsinə verilib.