Azərbaycanın zəfər salnaməsinə yazılmış Aprel döyüşləri, Tovuz hadisələri və dünyanın hərb sahəsində qeyri-adi zəfərlə tarix yazan 44 günlük Vətən müharibəsi Ordumuzun rəşadəti və Ali Baş Komandanın siyasi qüdrəti nəticəsində böyük qələbə ilə dünyada əks-səda doğurdu. “Ya ölüm, ya qələbə” diləyi ilə döyüşmüş igidlərimizin təxribatçı düşməni cəsurcasına susdurması, qəhrəmanlıq məktəbini təcəssüm etdi. Bu döyüşlərdə müzəffər ordumuzun hər bir sıravi əsgəri, zabiti, ümumilikdə bütün hərbi heyət bacardığı qədər cəsurluqla yanaşı fədakarlıq göstəriblər. Nəticədə böyük qələbə uzun illərin həsrətli sükutunu sonuncladı.

Artıq düşmən tapdağı altında xiffət edərək mürgüləmiş torpaqlarımız canlanır, hərarətə gəlir. Ətri-rahiyəsi ətrafa yayılmaqdadır. İnşallah, Ali baş Komandanın siyasi iradəsindən torpaqlarımız gülüstana çevriləcək, xaraba edilmiş evlər-obalar dirçələcək, işıq selinə qərq olacaq.

Müharibənin nə olduğunu kitablardan oxumuş, kinofilmlərdən seyr etmiş gənclərimiz döyüşlərdə topçu, kəşfiyyatçı, minamuyotçu, tankçı, tuşlayıcı, rabitəçi olmuş və müxtəlif silahlardan istifadə edərək fədakarlıq göstəriblər. Bugünki müsahibimizi, 45 yaşlı rabitəçi zabiti siz də tanıyın.

Nəsimi Rzayev 1974-cü ildə aprelin 25-də Ərçivan qəsəbəsində ziyalı ailəsində anadan olub. Artıq dünyalarını dəyişmiş valideynlərin rayonun sosial-iqtisadi inkişafında özünəməxsus xidmətləri olub. Ailənin, 8 bacının əziz xələfi kimi böyüyən Nəsimi 1991-ci ildə Ərçivanda orta məktəbi gümüş medalla bitirəndə anası onu həkim görmək istəsə də o “adam hər işdə Vətəninə xeyr verə bilər” diləyi ilə Azərbaycan Neft Kimya İnstitutunun istehsalat proseslərinin avtomatlaşdırılması fakültəsini seçir. Tələbə həyatından sonra Qazax da hərbi xidmətdə olur. Xidmət borcunu uğurla başa vuran Nəsimi rayonda bir çox məsul vəzifələrdə çalışıb. Hazırda 77 saylı Astara Seçki Dairəsində məsul işçidir.

Nəsimi Rzayev sentyabrın 21-də hərbi komissarlıqdan ona gələn zəngdən sonra yır-yığış edib, oğlu Murada heç nə demədən evdən çıxır. Həmin günü bacısı İlhamə müəllimə beləcə xatırladı: “Məktəbdən qayıdıb Nəsimini evdə görmədim. Oğlu Muraddan hara getdiyini soruşdum. O “bilmirəm” deyəndə zəng edib, harada olduğunu öyrəndim və narahatlıqla ürəyim çırpınmağa başladı. Sentyabrın 27-də – ad günümdə qardaşım od-alovun içində belə məni xarakterinə uyğun halda təmkinlə təbrik edib, uşaqlardan muğayat olmağımızı tapşırdı. O gündən qələbə gününə qədər nələr yaşadığımızı bir Allah bilir. Gec-gec zəng edər yalnız “Yaxşıyam” deyərdi. Dünyaya gəlməsini həsrətlə gözləmiş valideynlərimin

əmanəti – qardaşımın və şagirdlərimin Vətən müharibəsində iştirak etdiyinə, şücaət göstərdiyinə görə onlarla qürur duyuram”.

– Nəsimi, xoş gəlmisən, doğmalarınla yanaşı el-oba, dostlar-tanışlar yolunu səbirsizliklə gözləyirdi.

– Əvvəla, hər kəsə minnətdaram. Ali Baş Komandanın əmri ilə Vətən müharibəsinə çağırılmışdıq. Əmrə müntəzir zabit kimi vətənin xidmətində olmaq şərəfli borcumuzdur. Şükürlər olsun ki, qələbə sevincini yaşadıq.

– 44 günlük müharibənin canlı şahidi kimi nə demək istərdin? Nədən hara getdiyini evdəkilərə bildirmədin?

– Əzizlərimi təşvişə salmaq istəmədim. Birdə ki Vətənin çağırışına vaxtında, gecikmədən yetişmək borcumuzdur. Axı biz Vətənin övladıyıq. Sentyabrın 21-də evdən ayrılandan sonra təlimata uyğun Ağcabədidə olduq. Sonra cəbhə bölgəsinə yollandıq. Xocavənd, Ağdamı əhatə edən ərazilər üzrə Vətənə rabitəçi kimi xidmət göstərmişəm. Verilən tapşırıqları lazımi yerlərə ötürməkdən məsuliyyət daşıdığımdan müharibənin od-alovunu, ölüm-itini düşünməyə vaxt yox idi. Mən də ölə və yaxud yaralana bilərdim. Gözümün önündə elə canlara dəyən oğullar şəhid oldu ki, mənim onlardan nəyim artıqdır. 44 gün ərzində ürək dolusu sevindiyim zaman qələbə sorağını eşitdiyim gün oldu. Həmin gün necə sevindiyimizi ifadə etməkdə çətinlik çəkirəm. Bircə onu bilirəm k, Allaha olan ibadətimizi hər zaman etdiyimiz kimi o gün də çoxluca namaz qıldıq, şəhidlərin ruhuna dualar etdik.

102 gündən sonra evdəkilərə bildirmədən onlara qovuşdum. Təmtəraqla qarşılanmağı özümə sığışdırmadım. Düşündüm ki, şəhidlərin ruhu narahat ola bilər. Elə həmin gün şəhidlərin məzarını ziyarət etdim. Yaşamağımızda onların haqqı böyükdür. Allah şəhidlərimizi rəhmət eləsin.

Müsahibim od-alovun canlı şahidi kimi yox, sanki kimdənsə eşitdiklərini aram-aram danışarkən, 8-ci sinifdə oxuyan oğlu Murad atasına məhəbbətlə baxırdı. Onun baxışlarında ilıq bir təbəssüm duyulurdu. Ondan “Atandan ötrü çoxmu darıxmışdın” deyə soruşanda Murad “Bəs necə, olduqca çox narahat idik. Bu gün isə qorxmaz, cəsur atamla qürur duyuram” dedi.

Nəsimi Rzayevin digər oğlu Məmməd Bakı Dövlət Universitetinin tələbəsidir. Deməli, Vətən müharibəsinin iştirakçısının ailəsində Azərbaycanın iki əsgəri böyüyür. İnanırıq ki, onlar da ataları kimi Vətənə sadiq, fədakar, qorxmaz övlad olacaqlar.

Gülnar Əsədli