Yolumuz rayon mərkəzindən 25 kilometr uzaqda yerləşən Vənəşikəş kəndinə sarıdır. Kijəbə qəsəbəsindən sonra dolanbac yolları keçəndə xəzan olmuş ağacların ətri-rahiyəsi, torpaqdan nəm qoxu duyulurdu. Günəş öz şüalarını ətrafda yaymaqda idi. Təsərrüfatçılar həyət-bacada işləyirdilər.

Görüşünə gəldiyimiz Vətən Müharibəsinin iştirakçısı Mahnigar Hacızadə 1998-ci il martın 19-da bu axarlı-baxarlı kənddə anadan olub. Ailədə bir bacı üç qardaşdılar. Atası müəllim, anası Gülyaz ev xanımıdır, qardaşı Sevdar Lerikin Bibiyanı kəndində 9-illik məktəbdə tarix müəllimidir. İxtiyar qardaşı isə hərbi xidmətdədir. Vətən müharibəsinin iştirakçısı olan İxtiyar idarə etdiyi “DANA” maşını ilə düşmənin çoxlu canlı qüvvəsini məhv etmiş, postlarını dağıtmışdır. O, Ali Baş Komandanın Sərəncamı ilə Ağdamın azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə, Zəngilanın azad olunmasına görə, Qubadlının azad olunmasında göstərdiyi şücaətə görə medallarla təltif edilib.

Mahnigar Hacızadə 2015-ci ildə orta məktəbi bitirib. 2016-cı ildə Bakı da “N” saylı hərbi hissədə xidmətdə olarkən nümunəvi əsgər kimi manqa komandiri seçilib. Hərbi xidməti uğurla başa vurandan sonra Mahnigar Bakıda tikinti şirkətində işə düzəlir.

Bir gün iş zamanı hərbi komissarlıqdan ona zəng gəlir və təcili rayona qayıdır. Sentyabrın 21-də … Yaxşı olar ki, unudulmaz günlərin təəssüratını qəhrəmanımızın öz dilindən eşidək:

– Sentyabrın 21-də evdəkilərə məlumat vermədən hərbi komissarlığa gəldim. Elə həmin gün bir qrup həmyerlimlə Ağcabədiyə yola düşdük. Orada təlim alandan sonra cəbhə bölgəsinə Xocavəndə göndərildim. Yəqin ki, yaşıdlarım da Vətən torpaqlarının alınmasında iştirak etdiyinə görə mənim qədər sevinirlər. Təəssüf ki, tez yaralandım. Həmin günü heç cür unuda bilmirəm. AKA -74 silahla 11 döyüşçü ilə birgə (aramızda gizir, zabit də var idi) 12 gün fasiləsiz döyüşmüşük. Elə qızğın döyüşlər gedirdi ki, sağ qalmağımıza güman etmirdik. Döyüşçülərimizdə daim irəli getmək, qələbə qazanmaq arzusu çox güclü idi. Sentyabrın 27-dən yaralanana qədər mən də özünəməxsus tərzdə fəallıq göstərmişəm. Oktyabrın 7-də düşmən minamiyotunun partlaması nəticəsində qəlpələrdən ağır xəsarət aldım. Döyüş yoldaşlarım irəliyə doğru hərəkət edirdi. Əvvəlcə bir ayağımın olmadığı hiss etdim. Sonra gördüm ki, ayaqlarım yerində olsa da sağ ayağım hərəkətsizdi. Qan içində gah səngərin içində gah da çöldə çətinliklə sürünməyə başladım. Əlimdə silah, əynimdə bronjilet mənə ağırlıq etdiyindən nəfəsim təngiyir arada dururdum. Düzü ölümdən yox, düşmən əlinə keçməkdən narahat idim. Əynimdəkini çıxardandan sonra silahdan yapışıb hərəkət etməyə başladım. 3 saatdan çox sürünəndən sonra posta gəlib, silahı təltif verdim. Bir də Ağcabədidə xəstəxanada özümə gəlmişəm.

– Mahnigar, xəsarəti əsasən haradan almısan?

– Gözümdən, qollarımdan qəlpələri həkimlər çıxardıblar, hər iki ayağımda yüzə yaxın qəlpə qalıb. Sümüyə ilişdiyindən çıxarılması hələ də mümkün deyil. Hazırda sağ ayağım dizdən aşağı hərəkətsizdir.

– Eşitdiyimə görə evə gələndən sonra Astarada Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmisən. Bu marağı səndə kim oyatdı?

– Oktyabrın 25-də xəstəxanadan evə buraxıldım. əzizlərimlə, qohum-əqrəba ilə görüşəndən sonra Ulu Öndəri ziyarət etmək üçün babamla məsləhətləşib qərara gəldim. Sabahısı dahi şəxsiyyəti ziyarət edib, qələbə sevinci ilə abidəsinin önündə çiçəklər düzdüm. Məncə, bu hər kəsin vətəndaşlıq borcudur.

Qeyd: Xatırladaq ki, Mahnigarın babası Məmədhüseyn Dadaşov ömrünün yarım əsrdən çoxunu pedaqoji sahəyə həsr edib. Uzun müddət Şümrüd kənd tam orta məktəbin direktoru, sonra da baş müəllim kimi fəaliyyət göstərib. Fənnini sevən riyaziyyat müəlliminin çoxlu yetirmələri vardır. Hazırda sahibkarlıqla məşğuldur. Övladları Şamxal Şümrüd kənd tam orta məktəbinin direktoru, Rizvan Sipyəpart kənd tam orta məktəbində riyaziyyat müəllimi, Tarzan isə rayon mərkəzi xəstəxanasında yoluxucu xəstəliklər şöbəsinin müdiridir.

Qazı Mahnigarın mehriban ailəsi ilə söhbət edərkən qardaşı Sevdar müəllim söhbətə qarışıb dedi:

– Daşkəsəndə hərbi xidmətdə olmuşam, xoşbəxtəm ki, Azərbaycanın cəsur oğlu, General Mayor Polad Həşimovu dəfələrlə görmüş, söhbətlərini dinləmişəm. Əsgərlərin qayğısına qalan, onların problemləri ilə tez-tez maraqlanan generalın ölümü çoxları kimi məni də təsirləndirdi. Daşkəsəndə üç post generalın adını daşıyır. Mahnigarla İxtiyar müharibədə olduğuna görə bu səadət mənə qismət olmadı. Əgər mənə çağırış gəlsəydi Polad Həşimova olan məhəbbətimdən sevinc hissi ilə müharibəyə gedərdim.

Bax beləcə, Vətənə Azərbaycan dövlətinə sadiq, qəlbi milli qürur vətəndaşlıq hissi ilə döyünən Vətən müharibəsində cəsurluq göstərən Mahnigarın səmimi, mehriban ailəsindən xoş təəssüratlarla ayrılarkən düşüncələrimdə vətənpərvər qardaşlar Mahnigar, İxtiyar, Sevdar var idi…

Mahnigar Hacızadə Ali Baş Komandanın Sərəncamı ilə “Cəsur Döyüşçü” medalı ilə təltif edilib.

 

Gülnar Əsədli