Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Ojakəran kənd sakini, İkinci Qarabağ müharibəsinin qazisi Şəhriyar və müharibə iştirakçısı Ağalar Mərufov qardaşları ilə evində görüşmüş, sağlamlığı ilə maraqlanmışdır.

Mərufov Şəhriyar Xanlar oğlu 1995-ci ildə Ojakəran kəndində anadan olmuşdur. 2014-cü ildə həqiqi hərbi xidmətə yollanan Şəhriyar, 2015-ci ildən Daxili Qoşunların Xüsusi Təyinatlı dəstəsində müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etmişdir.

Qardaşı Ağalar Mərufov 1993-cü ildə anadan olmuş, həqiqi hərbi xidməti başa vurduqdan sonra 2018-ci ildən Daxili Qoşunların Xüsusi Təyinatlı dəstəsində müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etmişdir.

Vətən müharibəsi başlanan ilk gündən hər iki qardaş cənab Ali Baş Komandanın əmrinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması və Ermənistanın təxribatlarının qarşısını almaq üçün əks-hücum əməliyyatında döyüşlərdə iştirak etmişlər. Bir çox yaşayış məntəqələrimizin düşməndən azad edilməsində döyüş yoldaşları ilə birlikdə ən ağır əməliyyatlarda iştirak etmiş, qəhrəmanlıqlar göstərmişlər. Şəhriyar Şuşa şəhəri uğrunda döyüşlərdə ağır yaralanmış, Ağalar isə sonadək döyüşlərdə iştirak etmişdir. Qəhrəman qardaşlar bundan sonra da Ali Baş Komandanın hər bir əmrini canla-başla yerinə yetirməyə hazır olduqlarını bir daha əminliklə qeyd etdilər.

Qəhrəman döyüşçülərin atası Xanlar Mərufov və anası Rəşxəndə xanım oğlanlarının tarixi qələbənin qazanılmasındakı xidmətlərindən qürur duyduğunu qeyd edərək, torpaqlarımızın işğaldan azad edilməsinə hədsiz sevindiklərini bildirmişlər. Valideynlər onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq etmiş, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildirmişlər.

İcra başçısı Qəzənfər Ağayev Mərufovlar ailəsinə ləyaqətli, vətənpərvər övladlar böyütdüyünə görə minnətdarlıq etmiş, igid döyüşçü Şəhriyara tezliklə sağlamlığına qovuşmağı arzulamışdır. Qeyd etmişdir ki, şanlı Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman zabit və əsgərlərimizin fədakarlığı ilə 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Bu azadlıq mübarizəsində ordumuz sizin sayənizdə zəfər tarixi yazdı.

Birinci Qarabağ müharibəsində vahid komandanlıq olmadığı üçün ölkənin idarəetməsində olduğu kimi orduda da pərakəndəlik, anarxiya var idi. Ona görə də torpaqlarımız vəhşi düşmənlər tərəfindən asanlıqla işğal edildi. Ermənilər uzun illər vandallıq edərək gözəl yaşayış məntəqələrimizi xarabazara çevirdilər. On minlərlə soydaşımız doğma yurd yuvasından qaçqın düşdülər.

Müstəqil Azərbaycanımızın ordu quruculuğu ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra başladı. Ölkə Prezidenti cənab İlham Əliyev isə ordumuzu daha da gücləndirdi və dünyanın ən nizami orduları sırasına çıxardı.

Bu 44 günlük müharibədə bütün dünya bunun şahidi oldu. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığımız haqq savaşı şanlı ordumuzun qələbəsi, düşmənin acı məğlubiyyəti ilə başa çatdı.

Bununla da müzəffər ordumuz 30 illik həsrətə son qoyaraq, ayrı-ayrı tarixi dövrlərdə ermənilər tərəfindən törədilən -Quba, Lənkəran, Şamaxı, Bakı, Xocalı soyqırımı qurbanlarının, həmçinin qətlə yetirilən digər soydaşlarımızın və bütün şəhidlərimizin qanını yerdə qoymayaraq 120 illin qisasını aldılar.

Hazırda Qarabağımızda quruculuq işlərinə start verilibdir. İnanırıq ki, bir neçə ilə cənab Prezidentin rəhbərliyi ilə bu torpaqlar yenidən cənnətə çevriləcək və ölkəmizin ən gözəl məkanlarından biri olacaq.

Bir daha sizə təşəkkür edirəm.

Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə tezliklə şəfa versin, bütün əsgərlərimizin yar və yardımçısı olsun.

Astarainfo.az