Yanvarın 21-də Astara Rayon Mərkəzi Xəstəxanasında COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin vaksinasiya kampaniyasına başlanılıb. Xəstəxananın infeksion şöbəsində birinci növbədə rayonun tibb işçiləri peyvənd olunurlar.

Astara Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Oktay Əmənullayev Astarainfo.az-a bildirib ki, rayon mərkəzi xəstəxanasının infeksion şöbəsinin binasında təhlükəli virusa qarşı mübarizə məqsədilə 5 peyvənd, təcili yardım və post vaksinasiya otaqları ayrılıb. Xəstəxanada peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.

Rayonda peyvəndləmə işlərinə 8 həkim, 15 tibb işçisi cəlb olunub. Vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə onlayn qeydiyyatdan keçdikdən və həkimlər tərəfindən müayinə olunduqdan sonra peyvənd olunurlar. Peyvənd olunan şəxs 30 dəqiqə ərzində post vaksinasiya otağında qaldıqdan sonra evə buraxılır.

Günün birinci yarısında xəstəxanada 78 nəfər tibbi işçisinə peyvəndin birinci dozası vurulub. Gün ərzində isə bu rəqəmin 200 nəfərə çatdırılması nəzərdə tutulur. Peyvəndin ikinci dozası 21 gündən sonra vurulacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənəcək.