Astara rayonu ölkəmizin subtropik zonasına daxil olduğu üçün burada meyvəçiliyin əsasını sitrus meyvələrinin istehsalı təşkil edir. Son illər ölkəmizdə kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi digər bölgələrdə olduğu kimi, Astarada da sitrus meyvəçiliyinin inkişafında yüksək nəticələr əldə etməyə imkan yaradıb.

Kənd təsərrüfatında özünəməxsus yeri olan sitrus meyvə bitkilərinin becərilməsi üçün Astarada əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, bu sahənin yüksək iqtisadi səmərəliliyə və ixrac potensialına malik olması sitrusçuluğun inkişaf etdirilməsini zəruri edir.

Astara Rayon Statistika İdarəsindən Astarainfo.az-a  verilən məlumata əsasən, ötən il rayonun bağbanları becərdikləri 4501,4 hektar meyvə bağından 47 min 662,9 ton məhsul tədarük ediblər. Bu, ötən il sahələrdən yığılan meyvədən 2230,6 ton çoxdur. Hər hektarın məhsuldarlığı 190,5 sentner olub.

Məhsul istehsalçıları, ötən il həmçinin sahələrdən 252,8 ton giləmeyvə də yığıblar.

Xatırladaq ki, 2018-ci il fevralın 13-də “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-cı illər üçün Dövlət Proqramı” qəbul edilib. Dövlət Proqramının məqsədi ölkəmizdə sitrus meyvələrinə olan tələbatın daha dolğun ödənilməsi, istehsal edilmiş məhsulların ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin və maddi rifahının yüksəldilməsi üçün sitrus meyvəçiliyinin inkişafını stimullaşdırmaqdan ibarətdir.