Heyvandarlıq Astara rayonunda kənd təsərrüfatının əsas sahələrindən biridir. Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, maldarlara verdiyi əlavə subsidiyalar rayonda bu sahənin inkişafına güclü təkan verib.

Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu üsuldan geniş istifadə etmələrinə marağı daha da artırıb.

Astara Rayon Statistika İdarəsindən Astarainfo.az-a verilən məlumata əsasən, hazırda rayonda 5 əsas süni mayalama məntəqəsi fəaliyyət göstərir. Ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 1974 baş inək və düyədən 937 baş buzov alınıb.

Qeyd edək ki, hazırda Astara rayonunun heyvandarlıq təsərrüfatlarında 40 min 96 baş iribuynuzlu mal-qara saxlanılır. Bunların da əksəriyyəti süni mayalanma üsulu ilə cins tərkibi yaxşılaşdırılmış heyvanlardır.