II Qarabağ müharibəsinin şəhidi Tərlan Quliyevin yanvarın 26-da doğum günüdür.

İnsanın qədərində nələr olacağını öncədən uca yaradandan başqa kimsələrə bəlli deyil. Allah-təala bizlərə nə ayırıbsa onu da yaşayırıq. Çünki Allahın izni olmadan ağacdan yarpaq belə düşə bilməz.

O, da Allahın ona bəxş etdiyi ömrü yaşayırdı. Çılğın, mərd, cəsur, mərhəmət duyğulu gənclərimizdən idi. Sevirdi, sevilirdi bir ocağın çırağını yandıracaqdı. Heyhat, axirət yurdunun çırağının şölələnməsinə qərar verildiyindən ona ən şərəfli həyat nəsib oldu.

Vətən yolunda, torpaq uğrunda şəhidliyin zirvəsinə ucalanan Allahın çox sevdiyi qulunu siz də tanıyın.

Quliyev Tərlan Mehman oğlu 2000-ci ilin yanvarın, soyuq qış günlərinin birində – 26-da Ərçivan qəsəbəsində doğulub. Yaraşıqlı, nur üzlü körpə sevilə-sevilə əzizlənirdi. O çılğın olduğundan 3-4 yaşlarında evlərinin balkonundan 5 metr hündürlükdən yerə düşəndə yalnız burnu qanamışdı. Nədən, çünki Allah ona adi ölüm yazmamışdır. Anası ufuldasa da, atası söylənsə də balaca bu “mərəkə”nin ikinci kərə də törətmişdir.

Tərlan böyüyür, məktəbə ayaq açır. “Ana”, “Vətən” sözlərini ilk dəfə öyrənəndə mənasının fərqinə varmır. Böyüyəndə isə bu iki dəyərli sözün mahiyyətini öyrənəndə qəlbi Vətən sevgisi ilə dolur. Oxuduğu dərsliklərdə yaşadığı Vətənə qarşı yadellilər və nankor, mənfur qonşularımız olmuş düşmənlərimiz tərəfindən törədilmiş hadisələri öyrənəndə daha da çılğınlaşır mübarizkar olur.

Bu gün həmin çılğın mübarizkar şəhidimizin doğum günüdür. 20 yaşında şəhidlik məqamına yetişən Tərlan 21-i və sonrakı illəri yolunda qurban getdiyi, canından əziz bildiyi torpaqda yaşayacaq. Onu anmaq üçün şəhidin ailəsində olarkən valideynləri, qardaşları Kənan, İbrahim onu xoş xatirələrlə yad etdilər.

Tərlanın atası Mehman Quliyev ali təhsilli aqronom kimi bir müddət müxtəlif təsərrüfatlarda fəaliyyət göstərib. 2019-cu ildə səs çoxluğu ilə Ərçivan qəsəbəsinin bələdiyyə sədri seçilib. O, övladlarını oxutdurmaq arzusunda olsa da onları məcburiyyət qarşısında yox, öz istəklərinə buraxmışdır. Bu barədə evin xanımı Vüsalənin fikirləri maraqlıdır:

– Biz övladlarımızı heç nəyə məcbur etmədən tərbiyələndirmişik. Şükür Allaha, narazılığımız da yoxdur. Tərlan balam aşağı siniflərdə çox gözəl oxuyardı. Məktəbdən gələn kimi dərslərini hazırlamadan yeməyə əl uzatmazdı. Əzəldən həyat yoldaşımın sayəsində gözəl təsərrüfatımız olub. Həyət-bacaya, mal-qaraya baxmaqda onların da əməyi var. Özümüzə görə imkanımız olsa da onları zəhmət sevər böyütmüşük. Tərlan çox təmizkar, səliqəli geyinməyi xoşlayardı. Qızım olmadığından ev işlərində də mənə əl tutardı. Oğlum orta məktəbi bitirəndən sonra universitetə girmək üçün balı çatmadığına görə texnikumların birinə qəbul olunsa da ardınca getmədi. Əsgərlikdən qayıdandan sonra təhsilini davam

etdirməyi düşünmüşdü. Turizm sahəsi ilə çox maraqlanırdı. Hətta müxtəlif dilləri öyrənməyə səy göstərirdi. İdmanın güləş, boks növü üzrə məşğul olmağı xoşlayardı. Onu Allah mənə vermişdi, əlimdən də aldı. Ailəlikcə ibadət etdiyimizdən üsyan etməyə haqqımız yoxdur. Oğlum qismətinə yazılanı gördü. Onu xatırlayıram ki, şəhid olmasına iki gün qalmış yuxuda gördüm ki, Tərlan əlində şirniyyatla həyətə girir. Şirniyyatın üstündə qan şirə kimi süzülürdü. Gördüklərimi heç kəsə danışmadan içimdə çəkirdim k, yuxum çin oldu. Hər dəfə məzar başına gedəndə sevdiyi gülləri aparıb əkirəm. Gülləri, təbiəti, heyvanları çox sevirdi. O, çox mərhəmətli idi. Həyətimizdə iki itimiz var. Bəzilərinin canına vəs-vəsə salan itlər əslində çox sakit həssasdırlar. Onların birinə Tərlan “Paşam” deyib əzizləyirdi. Yayda isti olduğundan itlər yalnız gecələr yemək istəyirdilər. Ona görə Tərlan tənbəllik etmədən hər gecə onlara yemək bişirib yedirdərdi. Oğlum şəhid olandan sonra “Kaplanla”, “Paşam”ın gözləri yollara dikilib, sanki onun gələcəyini gözləyirlər.

Vüsalə xanım danışanda şəhid atası fikrə getmişdi. Onu da söhbətə qatmaq istədim. O, bir qədər düşündü, sonra balkona çıxıb, Tərlanın uşaq ikən düşdüyü yerdə dayandı. Haçandan-haçana içəri keçib Vüsalənin söhbətini tamamladı:

– Düzdür, bir valideyn kimi oğlumuzun ölümünə təsirlənirik. Amma düşünəndə ki, Tərlan Vətən, namus, qeyrət uğrunda gedən savaşda şəhid olub onda qürur duyuram. Vətənimiz dövlətimiz sağ olsun. Dövlətimizə minnətdaram ki, şəhidlərimizi dəyərləndirir. Şəhid valideynləri də çox ağlayıb, sızlamasınlar. Əksinə onlar övladları ilə fəxr etməlidirlər. Anasının dediyi kimi Tərlan çox mərhəmətli olduğundan hər kəsə əl tutmaq, yardım etməyi xoşlayırdı. O Xızı rayonunda hərbi xidmətdə olarkən yaxşı hörmət qazandığına görə komandiri mənə zəng edib, “Oğlunuzu burada saxlamaq istəyirik” deyəndə mən yalnız “Özü istəyirsə qalsın” dedim. O, tərxis olunandan sonra təhsilini davam etdirmək istəyirdi. Lakin Tovuz hadisələri onu fikrindən döndərdi. Ona görə də könüllü orduya yazıldı.

Ona bildiriş vərəqəsi gələndə düzü təklif etdim ki, getməyə tələsməsin. O isə qətiyyətlə “mən getməsəm, o getməsə, bəs Vətəni kim müdafiə edər” söyləyəndə Vətən üçün belə oğul böyütdüyümə görə fərəhləndim. Sentyabrın 29-da bizimlə görüşüb vüqarlı halda yola düşdü. Tez-tez əlaqə saxlayardı. Son danışığı oktyabrın 13-də oldu. Onun telefonda söylədikləri “Ata, olduqca çətin döyüşə qatılırıq, haqqınızı halal edin, bəlkə bir də görüşmədik, anama qardaşlarıma salam söylə. Hər birinizi çox sevirəm” sözləri hər an qulağımda əks-səda verir. Oğlum həmin günün axşamı bir neçə döyüşçü yoldaşı ilə şəhidliyin şərbətini içiblər. Tərlan əvvəllər bizi təmsil edirdi, bu gün isə rəşadətli ordumuzun şəhidi kimi milyonların qəlbində yaşayır. O, həmişə deyərdi ki, şəhidlik gözəl məqamdır hamı onlara ehtiram bəsləyir,

arzuladı istəyinə də çatdı. İkinci oğlum Kənan da könüllü orduya yazılmışdı.

Ərçivan qəsəbəsinin şəhidi Tərlan Quliyev Fizulinin, Cəbrayılın və bir neçə yaşayış məntəqələrinin mənfur düşməndən alınmasında cəsurluq, çeviklik, qorxmazlıq göstərdiyinə görə komandirinin və döyüş yoldaşlarının hörmət, etimadını qazanmışdır. O, daim irəli hamıdan öndə getməyi sevirdi. XTD-nin qorxmaz cəsur döyüşçüsü Cəbrayıl rayonunun strateji nöqtəsi “Pollan” zirvəsində gedən qızğın əməliyyat zamanı kəşfiyyatçı yoldaşları ilə birlikdə şəhid olubdur.

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə cəsur kəşfiyyatçı Tərlan Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

P.S. Ən şərəfli ölümün sahibi Tərlan Quliyev, şəhadətin, yolunda qurban getdiyin TORPAĞın altında yaşanacaq doğum günlərin mübarək. Ruhun şad olsun!

 

 

Gülnar Əsədli