Astara Rayon Gənclər və İdman İdarəsi nəzdində fəaliyyət göstərən “Altay” Gənclərin İntellektual-İnnovasiya Klubunun təşkilatçılığı ilə gənclər üçün “Müasir gənclik, ingilis dili və dünyaya inteqrasiya” mövzusunda təlim-tədris kursları təşkil edilib.

Astarainfo.az  xəbər verir ki, 20 gün davam edən onlayn təlim-tədris məşğələlərində rayonun gəncləri ingilis dilini öyrənməklə təhsil səviyyələrini, dünyagörüşlərini, məlumatlılıqlarını artıraraq, gələcəkdə hərtərəfli inkişaf etmiş gənc kimi ölkəmizin layiqli vətəndaşları olmaq potensiallarını gücləndirirlər.

“Altay” Gənclərin İntellektual-İnnovasiya klubunun sədri Ceyhun Mirzəzadə bildirib ki, klub yarandığı 2016-cı ildən indiyədək “Kompüter texnologiyası və internetin əsasları” və “Müasir gənclik, ingilis dili və dünyaya inteqrasiya” mövzularında keçirilən təlim-tədris kurslarında 261 nəfər təhsil alıb.

2020-ci ildə kurslarda 45 gənc kompüter texnologiyası və 31 gənc ingilis dili üzrə təhsillərini davam etdirib. Hazırda isə 10 nəfər gənc “Müasir gənclik, ingilis dili və dünyaya inteqrasiya” mövzularında keçirilən təlim-tədris kurslarında onlayn formada təhsil alır.