Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi çərçivəsində Siyaku kənd tam orta məktəbin qalibi olduğu layihə onlayn şəkildə davam etdirilir.

Ümumi təhsil kateqoriyası üzrə qalib olan, 15 oktyabr 2020-ci il tarixdən-15 fevral 2021-ci il tarixinədək davam edəcək «Asimo robototexnika və sxema-texnika mərkəzi» adlı layihə uğurla icra edilir. Layihədə rayonun Siyaku kənd tam orta məktəbi, N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbi və Şiyəkəran kənd O.Yəhyayev adına 2 saylı tam orta məktəbin V – VIII siniflərində təhsil alan 30 şagirdi iştirak edir. Layihənin həyata keçiriməsinə dünyanın 100-dən artıq ölkəsində təlim mərkəzi olan və şagirdlərə distant qaydada robototexnika bacarıqlarını tədris edən beynəlxalq Engineering For Kids şirkətinin peşəkar təlimçiləri cəlb olunub.

Layihənin məqsədi şagirdlərin robototexnika və sxema-texnika sahəsində bilik və bacarıqlarının artırılmasıdır.

Əsas vəzifələr robototexnikanın əhəmiyyətini göstərmək, elektronika üzrə bilik və bacarıqlarını artırmaq, peşəkar robototexnika bacarıqları aşılamaq, onları gələcəkdə bu sahədəki yarış və olimpiadalara hazırlamaqdır. Həmçinin proqramlaşdırmanın öyrədilməsi, robototexnikanın bacarıqlarının mənimsədilməsi də əsas vəzifələrdəndir.

Qeyd edək ki, dünyada baş verən son hadisələr şagirdlərin müasir texnologiya və texnikaya olan marağını daha da artırdığına görə, bu layihənin uğurlu və faydalı olacağı hesab edilir.