Ölkəmiz müharibə şəraitində olan zaman, hər birimiz çalışdığımız sahənin əsgəri olmalıyıq. Çünki əsrlər boyu minlərlə ərənlərimizin qanı tökülən bu Vətən yalnız təmas xəttinda qazılan səngərlərdə qorunmur. O səngər ürəklərdə də qazılmalıdır.Sizə təqdim edəcəyimiz müsahibimiz də sahib olduğu peşəsi ilə qürurverici addım atıb. Fədakarlığın ən nümunəvisini edib.

O, Kijəbə qəsəbə xəstəxanasına işləyən pediatr həkim Vüqar Ağayevdir.1971-ci il  15 dekabrda Kijəbə qəsəbəsində  anadan olub .Tibb İnstitutunu bitirib.Həqiqi hərbi xidmət zamanı Hərbi hava qüvvələrinin hava hücümından  müdafiə qüvvələrinin   N saylı hərbi hissəsində  leytenant  kimi xidmət edib.Daha sonra baş leytenant rütbəsi alıb.

28 sentyabrda çağırışçılarla bərabər  həkim cəbhə bölgəsinə gedir.Orada yenidən qruplaşdırma  aparərkən 49 yaşlı həkimi tabor həkimi kimi götürmək istəməsələr də O, inadla bu işin məsuliyyətini öz üzərinə götürür. Vüqar həkimin vəzifəsi  döyüş vaxtı yaralananlara döyüş meydanında tibbi yardım göstərmək  və onları dislokasiya etmək olub.Tabordakı əsgərlərini təlimatlandıran həkim Füzuli istiqamətində döyüşlərə qatılıb.Düşmənin hər gün yeni bir iyrənc xasiyyətini kəşf edirdik,-deyir.

“Onlar  paqonlu ,rütbəli hərbçi görən kimi birinci onu vururdular ki,döyüşü əsas idarə edən onlardır.Ona görə bizim palkovniklər,mayorlar da döyüşə girəndə paqonları çıxarırdılar ki ,seçilməsinlər.Sonra əsgərlərimizi qəsdən qolundan ya ayağından yaralayırdılar ki,həkim yardıma gəlsin həkimi də vursunlar ,onu da. Həkim olmayandan sonra da əsgərlər qanaxmadan öləcəkdi.Ən çox da həkim maşınlarına atəş açırdılar.”

Vüqar həkimin olduğu tabor daha sonra Cəbrayıl istiqamətində irəliləyir.O, qeyd edir ki,həkim maşınlarını da minatanlardan atəşə tuturdular.Rəisi mayor Səlim Səlimovla  birlikdə  Vüqar həkim Cəbrayılda köhnə avtovağzal tərəfə -Dostluq bulağının ətrafında qızğın döyüşlər gedən bölgəyə yola düşür.

“General Mayis Bərxudarov da orada idi.Orada çox şiddətli döyüş gedirdi.Biz im ordu oranı almışdı.Amma bunu həzm edə bilməyən ermənilər durmadan həmin ərazini atəşə tuturdular.Oradakı yaralılara yardım göstərdim.Bizim tanklar Qubadlı istiqamətində hərəkətə başlamışdılar.Qızğı döyüş gedirdi.Xəbər gəldi ki,ermənilər yaxınlaşırlar,mövqelərinizi tutun.”

Vüqar həkim də avtomatını əlinə alır.Qızğın döyüşün ortasında harda  yaralıların səsini eşidirsə, o tərəfə qaçır.

“Orda başa düşdüm ki,yaşım keçib.Mənə ağırlıq edən hər şeyi- buşlatı ,vesmeşoku atdım.Bir əlimdə avtomat,bir əlimdə sanitar sumka…”

Yaralı əsgərlərdən birinə yardım edərkən yanlarında minomyot partlayır.Əsgərlərin donuq ifadə ilə onun üzünə baxdığını görən həkim buz kəsən havada alnından axan isti tər yox, qan olduğunu anlayır. Minomyotun dalğasından ayağı zədələnir,dəhşətli uğultu isə həkimin kəllə-beyin travması almağına səbəb olur.Əsgərlərinə heç bir narahatlıq yoxdur,yünguül yaradır deyən həkim ətrafında olan bütün yaralılara yardım göstərmək üçün dörd bir yana özünü yetişdirir.

“Əsgərlərdəki o cüssə inanılmaz idi,güllə yarası alıb, ilkin tibbi yardım göstərirəm ,ağrının şoku var,o isə deyir ki,həkim, biraz tez olun da,mən getməliyəm, bizim uşaqlar qabaqdadır.”

Təcili yardım maşınını düşmən vurduğu üçün yaralıları da yanına alan həkim piyada 40 km qədər yol gedir.12 nəfər yaralı ilə Füzulidə həkim maşınına çatırlar.Hərbi hospital çatdırılır və müalicə alır.Müayinələrdən sonra sağalan həkim yenidən döyüş bölgəsinə gedir. Komandirləri mayor İqbal Bayramovun və digər yoldaşların  minaatan zərbəsindən həlak olması onu çox sarsıldır.

“Lənkəranlı mayor İqbal Bayramov bizim tabor komandirimiz idi.Təngərüdlü  Nurlan Fərəməzovla yaxşı münasibətimiz var idi. Onun 29 yaşı var idi ,gənc idi,yaxşı hərbi həkim idi.”

Qarabağda xəstəxanalar tikildikdən  sonra Vüqar həkim oradakı xəstəxanalardan hər hansı birində məmuniyyətlə işləmək arzusunda olduğunu bildirdi. Qeyd edək ki,müsahibimiz ailəlidir,iki övladı var.Qızı universitetin 2-ci kurs tələbəsi,oğlu isə 11-ci sinif şagirdidir.

Cəsur həkimimiz  prezidentin sərəncamına əsasən    “Cəsur döyüşçü” və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Əfsun Ələskərli