Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Səncərədi kənd sakini, İkinci Qarabağ müharibəsinin qazisi, leytenant Əmrah Bayramovla evində görüşmüş, sağlamlığı ilə maraqlanmış, təşəkkürnamə təqdim etmişdir.

Bayramov Əmrah Talıb oğlu 1996-cı ildə anadan olmuş, Cəmşid Naxçıvanski adına hərbi liseyi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişdir. 2019-cu ildən Azərbaycan ordusunda leytenant rütbəsində xidmət edir. 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsi başlanan ilk gündən döyüşlərdə iştirak etmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin zabiti olaraq döyüş tapşırıqlarını bacarıqla yerinə yetirən Əmrah qorxmazlığı, cəsarəti ilə tabeliyində olan əsgərlərə nümunə olmuş, Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlı rayonlarının bir çox yaşayış məntəqələrinin düşməndən azad edilməsində yüksək peşəkarlıq göstərmişdir. 25 oktyabr tarixində Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin Sərəncamı ilə “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə” “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

İcra başçısı Qəzənfər Ağayev işğalçı Ermənistan ordusuna qarşı aparılan döyüşlərdə göstərdiyi qəhrəmanlığa və şəxsi şücaətə görə Azərbaycan Silahlı Qüvvələrinin zabiti Əmrah Bayramovu təbrik etmiş, Bayramovlar ailəsinə ləyaqətli, vətənpərvər övlad böyütdüyünə görə minnətdarlıq etmişdir.

44 gün davam edən Vətən müharibəsində şanlı Azərbaycan ordusunun qəhrəman əsgər və zabitlərinin göstərdiyi şücaətin misilsiz olduğunu bildirərək, bu döyüşlər haqqında zaman-zaman danışılacağını, ordumuzun döyüş praktikasının öyrəniləcəyini diqqətə çatdırmışdır.

Qeyd etmişdir ki, 90-cı illərdə ölkədə yaranmış boşluqdan, hakimiyyətsizlikdən istifadə edərək Azərbaycan torpaqlarının işğalını həyata keçirən erməni qəsbkarları əslində cəsur oğullarımızın əsl gücünü, nəyə qadir olduğunu indi gördülər. Həmin illərdə nə nizami ordu, nə də vahid komandanlıq yox idi. Özünümüdafiə dəstələrinə başçılıq edən qeyri-peşəkarlar isə xalqı qırğına fəlakətə düçar etdilər və böyük torpaq itkisi miras qoydular. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində ordu quruculuğunun əsası qoyuldu. Ölkə Prezidenti cənab İlham Əliyev isə  Azərbaycan ordusunu dünyanın ən nizami orduları sırasına çıxartdı.

Bugünkü qələbəmizin, tarixi zəfərimizin əsl səbəbi də   Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi altında formalaşmış güclü ordumuzun, əsgər və zabitlərimizin vahid komandanlıq ətrafında sıx birləşməsidir. Bu qələbəmizlə siz 30 illik həsrətə son qoyaraq  zaman-zaman erməni faşistləri tərəfindən törədilən faciə qurbanlarının, bütün şəhidlərimizin qanını aldınız. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ən şanlı tarixini yazaraq özünüz də bu tarixin bir parçasına çevrildiniz. Əslində bu zəfərimizlə biz dünyaya Qarabağ torpaqlarının əsl sahibinin kim olduğunu göstərdik. Siz qəhrəman əsgər və zabitlər sağlamlığınızdan, canınızdan keçərək böyük vətənpərvərlik göstərdiniz, döyüşkənlik nümayiş etdirdiniz. Ağır məğlubiyyətə uğrayan erməni terrorçuları yəqin ki, aldıqları dərsi uzun müddət unuda bilməyəcəklər.

Səncərədi kəndi Vətən müharibəsində rayonumuzda ən çox şəhid verən kənddir. Rayonumuzda şəhidlərin xatirəsinə salınmış xiyaban yenidən qurulur, Astara şəhərində “Zəfər parkı” salınır. Xalqımızın qəhrəmanlıq tarixini yazan şəhidlərin xatirəsi heç vaxt unudulmayacaq.

Bir daha sizə təşəkkür edirəm.

Allah şəhidlərimizi rəhmət eləsin. Qazilərimizə Allahdan tezliklə şəfa tapmağı arzulayıram.